
Azərbaycan Premyer Liqasının üçüncü turunun “Simurq” – “Xəzər Lənkəran” oyununda matçın baş hakimi Elvin Əsgərov kobud səhvə yol verib.
Qol.Az-ın xəbərinə görə, E.Əsgərov matçın 90+2-ci dəqiqəsində meydan sahibi klubun hücumçusu Draqan Çeranı meydandan qovub. Matçın protokulunda qeyd edilib ki, Çeran hakimi təhqir etdiyi üçün meydandan qovulub.
Amma oyunun videoyazısının görüntülərindən görünür ki, Çeran hakimə sadəcə etiraz edir, onu təhqir edəcək hərəkətə yol vermir.
“Simurq” klubunun mətbuat xidmətindən də Qol.Az-a bildirilib ki, serbiyalı hücumçu hakimi təhqir etməyib. “Çeran bildirdi ki, mən sadəcə, hakimin qərarına etiraz olaraq deyinmişəm, onu söyməmişəm. Biz İntizam Komitəsinin qərarını gözləyirik. Veriləcək qərara uyğun olaraq, şikayət edib-etməyəcəyimi müəyyənləşdirəcəyik” – deyə klubun mətbuat xidmətindən qeyd olunub.
Qeyd edək ki, E.Əsgərov D.Çerana birbaşa qırmızı vərəqə göstərib. Bu isə o deməkdir ki, serbiyalı futbolçuya ən azı iki oyunluq cəza kəsiləcək.
Qaynar.info