Xəbər lenti

Azərbaycanın neftə olan ümidləri doğrulacaqmı?
Ekonomiks14:45 13.03.2016

Azərbaycanın neftə olan ümidləri doğrulacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya neft birjalarındakı yeni vəziyyət ümid vəd edir. Manatın məzənnəsi də neftin qiymətindən asılı olduğu üçün “qara qızılın” qiymətindəki 1 sentlik artım belə, insanları sevindirir. Proqnozlar isə neftin bahalaşacağı istiqamətindədir. 
Belə ki, Beynəlxalq Enerji Agentliyi son açıqlamasında neftin qiymətlərinin yenidən artma ehtimalının olduğunu açıqlayıb. Açıqlamaya görə, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.
Azərbaycanın energetika naziri Natiq Əliyev də son açıqlamasında bildirib ki, neftin belə aşağı qiymətdə qalması uzun müddət davam edə bilməz və qiymətlər yavaş-yavaş artacaq. Nazir deyib ki, “Bu, elə müvafiq qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun. Neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsin”.
Musavat.com-un sualını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, hələlik bu artım müvəqqəti xarakter daşıyır: “Neftin qiymətinin artmasına dəlalət edən şərtlər bazarda tələb-təkliflə bağlı olan məsələlər deyil. Bu prosesi sürətləndirən amillər aprel ayında hasilatın azaldılması ilə bağlı OPEK-in verdiyi qərar, bundan başqa OPEK və qeyri-OPEK ölkələri arasında keçirilməsi planlaşdırılan görüş ətrafında olan gəlişmələrdir. Müxtəlif ölkələr neft hasilatının ilin əvvəlindəki səviyyədə dondurulması ilə bağlı bəyanatlar yayırlar. Bu kimi informasiyalar bazara neftin qiymətlərinin müəyyən dərəcədə artması şəklində təsir edir”. 
Ekspertin sözlərinə görə, məhz bu səbəbdən yanvar ayı ilə müqayisədə hazırda neftin qiyməti təxminən 10 dollar qalxıb: “Bu da kifayət qədər yüksək bir artımdır. Lakin bunun qorunub, saxlanması şübhə altındadır. Çünki, bazarda təklif tələbi 1,5 milyon barel üstələyir. Buna rəğmən İran da öz neftini həm Avropa, həm də Asiya bazarlarında təklif edir. Real olaraq, aprel ayı və aprel ayından sonra bazarda bərqərar olan vəziyyət necə olacaq, OPEK ölkələri öz hasilatlarına yenidən baxıb, bunları göstərilən kvotaya uyğun korrektə edəndən sonra bazar buna necə reaksiya verəcək, bu, ancaq may ayının ortasında bəlli olacaq. Statistika o zaman açıqlanacaq”. 
İlham Şaban onu da vurğulayıb ki, təkcə hasilatın azaldılması ilə qiymətləri tənzimləmək mümkün deyil, burada başqa amilləri də nəzərə almaq lazımdır: “Neftin qiyməti ancaq bu kvotaya əməl edilməsindən qaynaqlanmır. Neft qiyməti başqa bir çox faktorlardan da qaynaqlanır. Dünyada gedən iqtisadi proseslərdən, dünyanın ən böyük neft istehsalçılarından və istehlakçıların bazarlarının iqtisadi göstəricilərindən də qaynaqlanır. Oradakı vəziyyət və statistik göstəricilər təbii ki, neftin qiyməti ilə bağlı proqnozlara bilavasitə təsir göstərir. Ona görə də, neftin qiymətinin indiki artımı qısamüddətli artımdır. Ancaq orta perspektivdə ona təsir edən amilləri biz ayyarımdan sonra müşahidə edəcəyik”. 
Qaynar.info