“RabitəBank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb.
Anspress xəbər verir ki, araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdiriblər.
İlkin məlumatlara görə, 35.0 min manat məbləğində vəsaiti kredit şəklində alaraq, mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, bu gün həmçinin “Türkan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Cəmiyyətin sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq mövqeyindən sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının satışından əldə olunmuş 452.0 min manat məbləğində pulu müəssisənin hesabına mədaxil etməyərək mənimsəmələrində şübhəli biliniblər.