
Azərbaycanın elm ictimaiyyətinə itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasinin həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Rəhim Nurməmməd oğlu Rəhimov ötən gün ömrünün 91-ci ilində vəfat edib.
Rəhim Rəhimov şüa diaqnostikasında perspektivli sahə sayılan bədxassəli şişlər, xora xəstəlikləri və bir sıra digər patoloji hallarda həzm sisteminin selikli qişasının "arxitekturasının" öyrənilməsinin əsasını qoyub.
Onun tərəfindən yoğun bağırsağın bir sıra xəstəliklərinin rentgen-morfoloji əlamətləri işlənilərək praktikaya tətbiq edilib. Bu tədqiqatların nəticəsi kimi müəllif tərəfindən yeni metod olan "yoğun bağırsağın üçqat kontrastlaşdırma metodu" işlənib hazırlanıb.
Böyük nüfuza malik alimlərin fikirlərinə görə, R.Rəhimov tərəfindən təklif edilmiş üsul dünya təcrübəsində analoqu olmayan üsuldur ki, mahiyyət etibarilə onun rentgenologiyada yeni səhifə açdığı xüsusi vurğulanır.
Bununla əlaqədar akademik Rəhim Rəhimov tərəfindən işlənib hazırlanmış metod rəsmi olaraq yoğun bağırsağın müxtəlif xəstəlikləri zamanı yüksək informativ diaqnostika metodu kimi geniş tətbiq olunub.
Təklif etdiyi səmərəli üsullarla ölkəmizdə yeni rentgenoloji tədqiqatlar məktəbinin yaradıcılarından biri kimi taninan akademik Rəhim Rəhimov Azərbaycanda tibb elminin inkişafindakı yüksək xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.