Bu ilin may ayında Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Tərəflər dəmir yolu sektorunda, milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının inkişafı üzrə kompleks əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə ediblər. Bu əsnada şimal qonşumuz Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədi ilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini Trans-Sibir dəmir yolu xəttinə keçirməyi planlaşdırır. Bəs Rusiyanın Bakı-Tbilisi-Qars (BTQ) magistralına qoşulması dəhlizin perspektivləri və iştirakçı ölkələrin dividendləri baxımından nələri vəd edir?
Məsələni "Finans.az"a şərh edən Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACEC) üzrə Hökumətlərarası Komissiyanın milli katibi, nəqliyyat sahəsi üzrə ekspert Akif Mustafayev Transsibirdən yüklərin bir qisminin BTQ-yə yönləndirilməsi həm yük daşınmalarını, həm də tranziti artıracaq.
"Rusiyanın BTQ-yə qoşulması, sadəcə, bir niyyət ifadəsi deyil. Bir neçə gün öncə ADY-nin Transsibir Yükdaşımalarının Koordinasiya Şurasına üzv qəbul edilməsi bu istiqamətdə atılan praktik addımlardan biri kimi dəyərləndirilməlidir. Rusiyanın fəaliyyətdə olan bu layihəyə qoşulmaq istəyi bir sıra faktorlardan doğa bilər. Belə ki, Transsibir nəqliyyat magistralı o qədər mürəkkəb bir şəraitdə işləyir ki, orada gərginlik var. Yüklərin həcmləri o qədər böyükdür ki, onu həll etmək çətindir. Təsəvvür edin, yalnız Çindən ildə 3 000 konteyner qatarı göndərilir. Bunların hamısını çatdırmaq indiki vəziyyətdə çətindir. Rusiyalı dəmiryolçular da dəfələrlə qeyd edirlər ki, bu yük axınının qarşısında magistralın daha çox modernləşdirlməsi, rəqəmsallaşdırılması aparılmalıdır, çünki çatdıra bilmirlər, boş dayanmalar çoxalır və problemlər yaranır. Belə olan halda, Rusiyanın yük daşınmalarını şaxələndirmək istəyi təbii qarşılanmalıdır.
Digər həlledici faktorlara isə Azərbaycanda bu gün inkişaf etmiş nəqliyyat infrastrukturunun olması, təhlükəsizliyin tam təmin edilməsi, dəhlizlərimizin daha qısa olması və vaxta qənaət etməsi, gömrükdə yaşıl dəhlizlərin, rəqəmsal texnologiyaların tətbiqi aid edilə bilər. Bütün bunlar nəticə etibari ilə ərazimizdən keçən nəqliyyat dəhlizlərinə digər ölkələrin, o cümlədən də Rusiyanın marağını artırır".
"Gürcüstanın əsas qazancının məhz tranzitdən olduğunu nəzərə alsaq, o da bu məsələdə maraqlıdır və istəyir ki, ərazisindən tranzit yük daşınmalarının həcmi çoxalsın”
Ekspert hesab edir ki, BTQ-nin tranzit imkanlarının artırılması bu layihənin bütün iştirakçılarının marağına cavab verəcək:
"Türkiyə ilə Rusiya arasında son zamanlar olan münasibətlər çox yaxşı səviyyədədir, iqtisadi əlaqələr genişlənir. Ona görə də Türkiyə maraqlıdır ki, yüklərin həcmi artsın və bununla da ikitərəfli əməkdaşlıq daha da dərinləşsin. Gürcüstanın əsas qazancının məhz tranzitdən olduğunu nəzərə alsaq, o da bu məsələdə maraqlıdır və istəyir ki, ərazisindən tranzit yükdaşınmalarının həcmi çoxalsın. Bu mənada bütün tərəflər bu işdə maraqlıdır. Bu cür əməkdaşklıq bizə yalnız müsbət dividendlər gətirəcək. Beləliklə də yük axınlarının və buna uyğun da gəlirlərin artması bütün tərəflərin marağındadır.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov "Finans.az” üçün açıqlamasında tranzit imkanlarının artmasının dəhlizin rəqabət üstünlüklərini artıracağını deyir:
"Bəlli məsələdir ki, beynəlxalq yük daşınmlarında daha çox diversifikasiyaya üstünlük verilir. Yəni yüklərin bir neçə istiqamət üzrə bölüşdürülməsinə can atılır. Belə ki, bir dəhliz üzrə daşınan yüklərin həcmi çox olduqda müəyyən gecikmə və fors-majorlar yarana bilər. Ona görə də istər Rusiya, istər Çin olsun bu daşınmalarda fəal iştirak edən və maraqlı olan tərəf kimi hesab edilirlər ki, yük daşınmalarında bir neçə dəhlizdən istifadə etmək lazımdır. Bu mənada BTQ həmin ehtiyacların müəyyən bir qismini ödəyə biləcək potensiala malikdir. Azərbaycan beynəlxalq, xüsusən Çindən-Avropa istiqamətində yükdaşınmalarında artıq öz sözünü deyir. Bu da beynəlxalq iqtisadi münasibətlərdə və beynəlxalq yükdaşınmaları sektorunda Azərbaycana olan etimaddan xəbər verir".
"Bu, BTQ vasitəsilə daşınan yüklərin həcminin və ölkənin dividendlərinin artmasına gətirib çıxaracaq”
"Bu gün ən optimal yol, yəni nisbətən qısa və məsrəfləri az olan dəhliz məhz BTQ-dir. Rusiyanın BTQ-yə qoşulması, şübhəsiz ki, magistralın rəqabət üstünlüklərini artıracaq. Digər tərəfdən bu, BTQ vasitəsilə daşınan yüklərin həcminin və ölkənin dividendlərinin artmasına gətirib çıxaracaq. Bunlar geoiqtisadi baxımdan Azərbaycana böyük fayda gətirəcək məsələlərdir. Azərbaycanın bu və ya digər layihələrdə, xüsusilə də beynəlxalq yükdaşınma layihələrində fəal sürətdə iştirak etməsi və bu prosesdə aparıcı tərəf qismində çıxış etməsi ölkənin geosiyasi rolunun artması ilə müşahidə ediləcək", - ekspert əlavə edib.