Xəbər lenti

Siyasət 17:17 23.02.2024

Azərbaycanla bağlı AŞPA-ya göndərilən etiraz məktunun cavabı nə olacaq? (ŞƏRH)

"Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin belə bir layihə təqdim etməsi inandırıcı görünmür. Lakin istənilən nümayəndə heyəti və ya bir neçə deputatla qətnamə layihəsi irəli sürüb, onun gündəliyə salınmasını tələb edə bilərlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli AŞPA-nın Azərbaycanla bağlı verdiyi qərara qurumun üzvü olan 4 ölkə nümayəndələrinin etirazını şərh edərkən deyib: 

"Azərbaycanı müdafiə edən, ölkəmizlə bağlı AŞPA-dakı ədalətsiz qərarın ləğv olunmasını istəyən ölkələrin sayının artması ümumilikdə götürdükdə müsbət hadisədir və pozitiv fəaliyyət kimi qiymətləndirilə bilər. Bu müraciətlər öz-özlüyündə həmin dövlətlərin nümayəndə heyətlərinin qərara etirazlarını ifadə edir. Həmin etirazlar əsasında AŞPA rəhbərliyinin parlament Assambleyasının plenar iclasında qəbul olunmuş qərarın ləğvi haqqında məsələ qaldıracağını real hesab etmirəm”. 
 


Amma həmsöhbətimiz qərara etiraz edənlərin sayının arta biləcəyini də istisna etmir:
 
"Azərbaycan nümayəndə heyəti digər ölkələrin nümayəndə heyətlərilə təmasları sıxlaşdırmalı və aprel ayında olacaq növbəti sesiya üçün nümayəndə heyətimizlə bağlı çıxarılan qərarın ləğvi haqqında ayrıca bir layihə hazırlayıb təqdim etməlidir. Parlament Assambleyası  nümayəndə heyətinin isə belə bir layihə təqdim etməsi inandırıcı görünmür. Lakin istənilən nümayəndə heyəti və ya müəyyən sayda  deputatlar birgə müəyyən qətnamə layihəsi irəli sürüb, onun gündəliyə salınmasını da tələb edə bilərlər. Azərbaycan nümayəndə heyəti bu  istiqamətdə işi genişləndirməlidir”. 

Qeyd edək  ki, AŞPA-nın Azərbaycanla bağlı verdiyi qərara Türkiyə, Serbiya, Ukrayna, Gürcüstan nümayəndələri, eyni zamanda Ərəb Parlamentinin sədri öz etiraz məktubları göndərib. Prosesə başqa ölkələrin qoşulacağı da istisna deyil. Belə bir açıqlama ilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.
 
Xatırladaq ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->