Xəbər lenti

Azərbaycanlı əlil idmançıya qarşı dopinq tələsi - FOTO
İdman18:05 08.11.2013

Azərbaycanlı əlil idmançıya qarşı dopinq tələsi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Paralimpiya yığımasının keçmiş üzvü, 2004-cü il Afina oyunları zamanı qanında dopinq tapıldığı üçün beynəlxalq yarışlardan ömürlük kənarlaşdırılan Gündüz İsmayılov 9 il sonra məhkəmədə keçmiş sevgilisinin tələsinə düşdüyünü sübut edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə xəbər “Röyter”, “Assoşeyted press” agentlikləri, habelə “The Washington Post”, “The Guardian”, “The Glob and Mail” qəzetləri və digər xarici nəşrlər yayıblar. Maraqlıdır ki, Azərbaycan KİV-lərində bu barədə xəbərə rast gəlinmir. Baxmayaraq ki, məhkəmə prosesi Bakıda keçirilib.

G.İsmayılovun keçmiş sevgilisinin dopinq tələsinə düşdüyünü sübut etdiyi haqda məhkəməyə tutarlı dəlil təqdim etdiyi barədə açıqlamanı Beynəlxalq Paralimpiya Komitəsi yayıb. Komitə bunu “unikal hadisə” adlandırıb.

Beynəlxalq Paralimpiya Komitəsinin Antidopinq Komissiyasının sədri Toni Paskual bildirib: “Bu, şərtlərin unikal şəkildə üst-üstə düşməsi ilə müşayiət olunan olduqca nadir haldır”.

G.İsmayılov poverliftinq üzrə idmançıdır və 2004-cü il Afina Paralimpiya Oyunlarında Azərbaycan yığmasının tərkibində olub. Poverliftinq aşağı ətrafları əlil olan şəxslər üçün ağırlıqqaldırma idmanıdır. G.İsmayılov ilk dəfə 2000-ci il Sidney Paralimpiya Oyunlarında poverliftinq üzrə dünya rekordu vurub və qızıl medal qazanıb. Lakin daha sonra onun qanında nandrolon adlı dopinq maddəsi aşkar edilib. İdmançıya iki il beynəlxalq yarışlarda iştirak etməmək qadağası qoyulub. 2003-cü ildə qadağa başa çatıb və G.İsmayılov Afina oyunlarında Azərbaycan yığımasının üzvü kimi çıxış edib.

Lakin yarışlardan əvvəl idmançının qanından stanazalol adlı dopinq maddəsi çıxıb. Nəticədə G.İsmayılov beynəlxalq yarışlardan ömürlük kənarlaşdırılıb. Bu qadağadan  9 il sonra idmançı Bakıda keçirilən məhkəmədə sübut edib ki, dopinq maddəsini Afina oyunları ərəfəsinə onun içkisinə keçmiş rəfiqəsi qarışdırıb.

G.İsmayılovun rəfiqəsinin də paralimpiyaçı olduğu və atletizm idman növlərindən biri üzrə Afina oyunlarında iştirak etdiyi bildirilir.

Bildirilir ki, G.İsmayılov sevgilisi ilə 2003-cü ildə ayrılıb, lakin onların normal münasibətləri qalmaqda davam edib. Onun adı açıqlanmayan keçmiş sevgilisi 9 il sonra məhkəmədə G.İsmayılovun içkisinə Afina Paralimpiya kəndində dopinq qarışdırdığını etiraf edən ifadə verib. O, ifadəsində bildirib ki, idmançının artıq bir dəfə dopinqlə yaxalandığını nəzərə alaraq onu yarışlardan ömürlük kənarlaşdırmaq məqsədi güdmüşdü.

G.İsmayılovun vəkili bu dəlili Beynəlxalq Paralimpiya Komitəsinə çatdırıb. Komitə bildirir ki, dəlil tutarlıdır və G.İsmayılova qoyulan ömürlük qadağa götürülə bilər. Komitənin açıqlamasında deyilir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin və G.İsmayılovun vəkilinin müraciətlərini, habelə onun qanında ikinci dəfə dopinqin aşkar olunmasının sabotaj olduğuna dair məhkəməyə təqdim edilmiş dəlili nəzərə alaraq idmançının barəsində qadağanı götürməyə hazırdır.

Qaynar.info