Xəbər lenti

Azərbaycanlı futbolçu Gürcüstan klubuna transferindən danışdı
İdman09:35 23.07.2016

Azərbaycanlı futbolçu Gürcüstan klubuna transferindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, azərbaycanlı futbolçu Rasim Ramaldanov Gürcüstanın "Kolxeti-1913" klubuna keçib. Qışda "Xəzər Lənkəran"dan ayrılıb ötən mövsümün II yarısını "Sumqayıt"da keçirən 30 yaşlı mərkəz müdafiəçisinin Gürcüstana getməsi gözlənilməz alındı.

Qaynarinfo.az bu keçidin necə alınmasını öyrənmək üçün futbolçunun özü ilə əlaqə saxlayıb. O bu barədə bunları deyib: 

"Xatırlayırsınızsa, mən Zaqatalanın "Simurq" klubunda oynayan vaxt bizdə gürcü David Bolkvadze oynayırdı. Onunla o vaxtdan əlaqə saxlayıram. Bir gün məni bu kluba məsləhət bildi. Sonra klubun meneceri mənimlə əlaqə saxladı, danışdıq. Haqqımda hər şeyi biləndən sonra məni bu kluba dəvət etdilər. Çox sağolsunlar ki, məni orda yaxşı qarşıladılar".

Ramaldanov Gürcüstan klubu ilə 1 illik müqavilə bağlamadığını da bildirib: "1 illik müqavilə bağlamağım səhv xəbərdir. Mən 6 aylıq müqaviləyə qol çəkmişəm. Özüm müqavilənin şərtləri ilə tanış olmuşdum. Orda 6 ay yazılmışdı. İnşallah, hər şey ürəyimcə olsa, 6 aydan sonra yenidən müqavilə müddətini uzadacağam".

Rasim Gürcüstana getməsini Azərbaycandan təkliflərin olmaması ilə etiraf edib: "Açığı, "Sumqayıt"dan ayrıldıqdan sonra Azərbaycandan təklif almamışdım. Mənimlə maraqlanan olsaydı, indiyə kimi hansısa klubun düşərgəsində olardım. Ancaq İrandan təkliflər vardı. Lakin həmin klublar məni baxışa çağırırdı. Yeni klubum isə birbaşa müqaviləyə dəvət etdiyi üçün İran variantından vaz keçib Gürcüstana üstünlük verdim".

Qeyd edək ki, Rasim Ramaldanovun yeni klubu bu gün Ankaranın Qızılcahamam bölgəsində Türkiyənin "Adana Dəmirspor" komandası ilə gücünü sınayacaq. Rasimin iyulun 25-də Bakının "İnter" klubu ilə yoxlama oyununda da iştirak edəcəyi gözlənilir. "Kolxeti-1913" iyulun 27-də Türkiyədə sonuncu yoxlama oyununu keçirdikdən sonra Potiyə qayıdacaq.

Qaynarinfo.az