"Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərovun Serbiyanın "Spartak" klubuna keçidi baş tutmayıb.
Bu barədə Elnur Cəfərovun "Spartak"a keçidinə çalışan serbiyalı menecer Boyan İliç Qaynar.info-ya açıqlamasında deyib.
O bildirib ki, dünən Serbiyada transfer pəncərəsinin açıq olmasının son günü idi. "Xəzər Lənkəran"la "Spartak" son gündə gənc futbolçunun keçidinin maliyyə məsələsində razılığa gələ bilmədikləri üçün bu mövzu qapanıb.
Onu da bildirək ki, "Xəzər Lənkəran" yetirməsinə görə Subotitsa klubundan başlanğıc olaraq 50 min dollar istəyirdi. Sonradan klub bu məbləği 30 minə endirib. Əvvəldən 10 min dollar nəğd vermək istəyini bildirmiş "Spartak" 30 minə razı olubmuş. Bir şərtlə ki, bu məbləğ hissə-hissə ödəniləcək. Lakin maddi durumu heç də ürəkaçan olmayan cənub klubu buna razı olmayıb.
Qeyd edək ki, Elnur Cəfərov yaxınlarda "Qarabağ"la razılığa gəlmişdi. Lakin son anda futbolçu xaricdən gələn bu təklifə görə "Qarabağ"a keçməkdən imtina etmişdi. Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləmişdi.
Qaynar.info