Azərbaycanlı mütəxəssis Bəxtiyar Musayevin yeni iş yeri müəyyənləşib. Veteran futbolçu bundan sonra xarici şirkətlərin birində skaut kimi fəaliyyət göstərəcək.
Bu haqda o, Qaynarinfo-ya Bəxtiyar Musayev özü bildirib.
Mütəxəssis Azərbaycanda yeni açılan və xaricdən maliyyələşən skaut şirkəti ilə əməkdaşlığa başladığını söyləyib:
"Yeni şirkətə dəvət ediblər. Skaut sistemidir. Mənim üçün şərait yaradıblar. Futbolçulara baxırıq, lazım olanda klublara məsləhət görürük. Bir-iki aydır işə başlamışıq. Yerli futbolçulardan şirkətimizlə əməkdaşlıq edənlər var. Xarici futbolçulara da baxıb, klublarımıza təklif edirik. Əsas iş prinsipimiz sentyabrdan sonra xarici ölkələrə getmək, orada çempionatları izləmək və futbolçulara baxmaq olacaq. Bizə təklif olunan futbolçularla deyil, gedib yerində gördüyümüz oyunçularla müqavilə imzalayacağıq. Yəni, şirkətimizə yeni futbolçular cəlb etməyi planlaşdırırq. Bununla yanaşı, uşaq futbolunu izləmək və istedadlı uşaqlarla da müqavilə bağlamaq, daha yaxşı çıxış etmələri üçün əlimizdən gələn köməyi əsirgəməmək istəyirik. İş prinsipimiz bunlardan ibarətdir”.
Bəxtiyar bəy çalışdığı şirkət haqda da məlumat verdi:
"Şirkətimiz ölkə xaricindən maliyyələşir. Sponsoru Kanadada olan azərbaycanlı iş adamıdır. Onun təşəbbüsü ilə bu iş baş tutub və mənə də dəvət göndərib. Şirkətimizin fəaliyyəti üçün əlindən gələni edir. Həmin şirkət ilk olaraq Azərbaycanda yaranıb və ölkə xaricindən idarə olunur. Ofisimiz Bakıda yerləşir. Mən də şirkətə rəhbərlik edirəm. Əsas odur ki, Azərbaycanımıza, futbolumuza faydam toxunsun. Şirkətin adı "WSMIA”dır. Yəni, ingilis dilində "World Sport Management International Agency”nin qısaldılmış adı”.
Səbuhi Həsənov