ABŞ-ın “Forbes” jurnalı martın 1-də yayımlanan, 30-cu yubiley buraxılışını dünya milyarderlərinin reytinqinə həsr edib. Anspress-in məlumatına görə, siyahıya Rusiyadan 77 milyarder daxil olub ki, onların arasında Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun da adı var.
Ötən ilə nisbətən siyahıda 11 milyarder azalıb. Buna səbəb kimi milyarderlərin nəhəng bizneslərinin son zamanlar düşən neft qiymətlərindən və Qərbin tətbiq etdiyi sanksiyalardan zərər görməsi göstərilir.
Vahid Ələkbərov 8.9 milyard dollar sərvəti ilə dünya reytinqində 124-cü yerdə qərarlaşıb. O, Rusiyanın İraqda ”Qərbi Kurna 2” neft yatağının kəşfiyyatı ilə məşğul olan nəhəng “LUKoyl” neft şirkətinin sahibidir.
“Qərbi Kurna-2” neft yatağı 14 milyard barel neft ehtiyatı ilə İraqın cənubunda Bəsrə şəhərindən 65 km şimal-qərbdə yerləşir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun şirkətindən də yan ötməyib. 2014-cü ilin sentyabrından “LUKoyl” Qərbin sanksiyaları ilə üzləşib.
O, “Rusiya neftinin keçmişi, bu günü və gələcəyi” adlı kitabın müəllifi və “Bizim gələcəyimiz” regional fondunun, eləcə də sosial proqramının yaradıcısıdır.
Vahid Ələkbərov Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "LUKoyl" şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur.
Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilirdi.
Qaynar.info