Xəbər lenti

Azərbaycanlı qadın futbolçunun uğura gedən yolu - 7 turda 29 qol vurdu... (MÜSAHİBƏ)
İdman09:23 08.02.2024

Azərbaycanlı qadın futbolçunun uğura gedən yolu - 7 turda 29 qol vurdu... (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA Qızlar Liqasında çıxış edən "Baku Juniors Women" futbol komandası ötən il Azərbaycan millisinin hücumçusu Nahidə Məmmədovanı heyətinə qatdı. 2022/23 mövsümünü 3-cü yerdə bitirən klubun növbəti mövsüm üçün hədəfləri daha yüksəkdir. Buna görə də heyətini gücləndirib, yeni tərəfdaşlar və əməkdaşlar cəlb edib. 
Nahidə Məmmədovanın komandaya gəlişi ab-havanı və iddaları daha da yüksəldib. Hazırkı mövsümdə Nahidə ilk 7 turda 29 qol vurub və çempionatın bombardiridir. Maraqlı həyat hekayəsi olan Nahidə ilə söhbəti təqdim edirik:
- Mən Məmmədova Nahidə 20 avqust 2004-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 2 yaşından etibarən Şəki şəhər qarışıq tipli uşaq evində böyümüşəm və futbola olan marağım da orada yaranıb. 
- Necə oldu ki, futbola başladın və indiyə qədər hansı yollardan keçmisən?
- Uşaqlıqdan topla oynamağı çox sevirdim və Şəkiyə gələndən sonra orada qadın futbolunun olduğunu görüb tanış olmaq qərarına gəldim. Futbola başlayanda 5 yaşım var idi, əvvəllər oynadığım top oynunu sadəcə bir məşğuliyyət idi, boş vaxtlarımı daha səmərəli keçirmək üçün məşğul olurdum. Sonra isə bu oyun artıq sadəcə bir oyun yox, həyatımın bir hissəsi olmağa başladı və mən inkişaf etdikcə məqsədlərim də böyüyürdü. Məqsədlərimdən ən böyüyü milli komandaya dəvət almaq idi və şükürlər olsun ki, bu arzuma çatdım. Daha sonra U-15 qadınlardan ibarət milli komandaya dəvət aldım. U-19 millisinə kimi burada fəaliyyət göstərdim, lakin bəzi zədələrimə görə sonralar milliyə dəvət olunmadım.12 il "Şəki" klubunda karyeramı davam etdirsəm də, istədiyim nəticələri ala bilmədiyimə görə məqsədlərimə daha yaxın olan "Baku Juniors"a keçmək qərarını aldım və komanda olaraq çox yaxşı irəliləyirik.
- Futboldan əlavə hansısa fəaliyyətin varmı? 
- Futboldan qalan boş vaxtlarımda əsasən xarici rəqslərlə məşğul olur və onunla yanaşı, operator peşəsini də öyrənirəm və bu sahədə çalışıram. Futbola olan sevgim başqa işlərlə məşğul olmağıma maneə olmur.
- Ən yadda qalan oyunun hansı olub? 
- Yadda qalan oyunlarım çox olub. Birini qeyd edə bilərəm ki, Bakıda Azərbaycan - Rusiya yoldaşlıq oyununda komandada ən az yaşlı olmağıma baxmayaraq, çox yaxşı oynamışdım.
- Bəs arzuolunmaz hadisələr olurmu futbolda? 
- Əlbəttə ki. Hər bir futbolçunun ən qorxduğu şey zədələnməkdir. Mən də ötən mövsüm oyunların birində dizimdən zədələndim və iki ay futbola ara verməli oldum. Bu iki ay mənə çox uzun gəlsə də, çətinliklə başa vurdum. Lakin çıxdığım ilk oyunda yenidən həmin dizimdən zədələndim və bu dəfə 8 ay futbola ara verməli olduğumu bildirdilər. Bu müddət mənim üçün çox çətin olsa da. öhdəsindən gəldim və yenidən komandamın yanında oldum. Ümid edirəm ki, bir daha başıma belə bir hadisə gəlməz. 
- Gələcək üçün plan və məqsədlərin nələrdir? 
- Hər futbolçunun istədiyi kimi, mən də məhşur xarici klublardan təklif almaq və sevdiyim komandaların birində çıxış etmək istərdim.
- Futbola başlamaq istəyən qızlara nə sözün var? 
- Təbii ki, mənim və futbol oynayan digər qızlarımızın məqsədi gələcək qadın futbol nəslinə daha uğurlu yol açmaqdır. Bizim bugünkü çıxışlarımız, nəticələrimiz gələcəyin qadın futbolu üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizin daha müasirləşməsi, fərdi fikirlərə müsbət yanaşması, ailələrin mentalitetinin dəyişməsi Azərbaycanda qadın futbolunun inkişafına müsbət təsir göstərməyə başlayıb və qarşıdakı illərdə daha yaxşı nəticələrin olacağına inanıram. Qadın futbolunun ən böyük problemlərindən biri ailələrin qızların futboluna düzgün yanaşmamasıdır. Ailələrdə qızların futbolçu olmaq istəklərinə yanaşma yavaş-yavaş dəyişir. Mənim də tövsiyəm budur ki, uşaqları sevdikləri sənətdən məhrum etməsinlər, əksinə onlara dəstək olsunlar.
Aydın