Koronavirus pandemiyası səbəbindən 1 aya yaxındı ki, dünyanın hər yerində futbol çempionatları təxirə salınıb. Bu vəziyyət tək futbolçuları yox şəhçiləri də futboldan uzaq salıb.
Xüsusilə də qatı futbol azarkeşi olan şərhçilərimiz üçün həm sevimli peşəsindən, həm də futboldan uzaq qalmaq karantin günlərini duyğusal baxımdan daha da çətinləşdirir.
Bunu nəzərə alaraq, azərbaycanlı futbol şərhçilərimizlə söhbət etdik. Onlar
Sport7.a-a futbolsuz qaldıqları karantin günlərinin necə keçdiyindən bəhs etdilər.
Rüstəm Əfsərli (CBC Sport): "Karantin qaydalarına əməl etməyə çalışıram. Amma KİV əməkdaşlarına fəaliyyət göstərmək icazə olduğundan demək olar ki, hər gün bir neçə saatlıq da olsa, işə gedirəm. Həftəlik verilişlərimiz efirdən çıxarılmadığı üçün onları hazırlayırıq. Üstəlik, bəzi arxiv matçları da göstəririk və onları şərh edirik. Əlbəttə, əsl futbol və əsl iş üçün darıxmışam".
Ramiz Mirzəzadə (İdman TV): "Karantin günlərində işə getmədiyim hallarda evdən çıxmıram. Günüm demək olar ki, keçmiş futbol oyunlarına baxmaq, futbol verilişlərini izləmək və PUBG oynamaqla keçir. Həftədə iki verilişim və bir neçə dəfə xəbərlər üçün efirə çıxıram. Onları aparmaq üçün işə gedirəm. Yəni, evdən ancaq həmin günlərdə çıxıram. Şərhlər üçün "burnumun ucu göynəyir" desəm, azdı. Mayın əvvəlində Bundesliqanın bərpa olunacağına dair xəbərlər var. Həyəcanla onu gözləyirəm. Çünki "İdman" TV-də yayımlanan çempionatdı. Bərpa olması yenidən doğuluş demək olar".
Ürfan Məmmədli (CBC Sport): "Televiziya əməkdaşları üçün karantin rejimi bir qədər fərqlidi. Düşünürəm ki, saytlarda və xəbər agentliklərində işləyən həmkarlarımızla müqayisədə, bizdə distant iş görmək alınmır. İşləmək üçün gərək ofisə gedəsən. Bu səbəbdən "CBC Sport" rəhbərliyi tərəfindən xüsusi icazə arayışları təqdim olunub. Biz də onu yalnız işlə bağlı məsələlərdə istifadə edirik. Şəxsən mən marketə və ya spirt almaq üçün aptekə gedəndə 8103-ə SMS göndərirəm. Qanun qanundu. İdman tədbirlərinin təxirə salınması səbəbi ilə aparıcısı olduğum verilişlər fəaliyyətini müvəqqəti dayandırıb. Bu səbəbdən "CBC Sport İnfo" xəbərlər buraxılışında müxbir kimi işimi davam etdirirəm. Karantin qaydalarına daha çox riayət etmək üçün qruplara bölünmüşük və bu halda evdə daha çox qalmaq imkanı qazanırıq. Futbolun yoxluğunda klassik oyunlar yayımlanır və bu anadək 2004-cü ilə məxsus iki "El-Klasiko" şərh etmişəm. Amma tam səmimi deyəcəm, Azərbaycan Premyer Liqası üçün darıxmışam. Düzdü, çempionatımızın səviyyəsi bir çox qitə liqalarından xeyli arxada qalır. Lakin ortada doğmalıq və stadiondan futbol şərh etmək sehri var. Ümumiyyətlə, futbolsuz, idmansız həyatın necə mənasız olduğunu görürəm. Bəlkə də bu fikrimlə razılaşmayan tapılacaq, amma hərənin bir baxış bucağı var. Bir idman jurnalisti kimi təkcə futbol deyil, bütün idman növləri üçün də darıxıram. Üstünlük əlbəttə ki, izlədiyim və azarkeşi olduğum növlərin tərəfindədir. Vaxtım film izləməklə və mütaliyə ilə keçir. Orxan Pamukun "Qar" əsərinə başlamışam. Səbirli olmağa çalışıram. Bütün həmkarlarıma tez bir vaxtda yarış meydanlarından şərh etmək arzu edirəm".
Tərlah Şahinoğlu (İdman TV): "Vallah, 2019-cu ili yola salarkən, yeni il gecəsi belə şey arzuladığımı xatırlamıram. 2020-ci il tək ölkəmiz üçün yox, həm də bütün dünya üçün uğursuz başlayıb. İdman ili kimi adlandırılan bu ildə futbol üzrə Avropa çempionatı və Yay Olimpiya Oyunları kimi mötəbər turnirlər keçirilməli idi. Lakin təəssüflər olsun ki, koronavirus pandemiyası səbəbi ilə bu 2 yarış başda olmaqla, bütün turnirlər təxirə salındı. Yarımçıq qalan turnir və çempionatların aqibətinin necə olacağı isə bəlli deyil. Bir sözlə "Covid 19" bütün həyatı iflic edib. Sevdiyin işdən və məşğuliyyətlərdən məhrum olmaq əlbəttə ki, üzücü haldı. Futbol və şərhçiliyin həyatımda böyük rol oynadığını nəzərə alaraq "oksigensiz qalmışam" desəm yanılmaram. Həqiqətən də böyük bir boşluğa düşmüşəm. Hələlik həftədə 1 dəfə İngiltərənin məşhur futbol klubları haqqında verilişlərlər hazırlamaqla kifayətlənirəm. Lakin hər şey kimi bu da müvəqqətidi. İndi sadəcə səbirli olub qoyulan karantin rejimi qaydalarına əməl etmək lazımdı. Yersiz panika və stress isə insan üçün əlavə problemlər yaradır. "Hər şeydə bir xeyir var" deyiblər. Məsələn, karantin rejimi tətbiq olunduqdan sonra çoxdan oxumaq istədiyim kitabı vərəqləmək üçün vaxt tapmışam. Söhbət dahi məşqçi Ser Aleks Ferqüsonun bioqrafiyasından gedir. Ümumiyyətlə, XXI əsrdə yaşadığımıza görə şanslıyıq. Televizor, internet və s baş qatmaq üçün kifayət qədər variantlar var. Odu ki, hər kəsə can sağlığı və səbr arzulayıram. İnanıram ki, tezliklə həyat əvvəlki axarına qayıdacaq".
Fərid Axundov (CBC Sport): "Məndəki durum daha da fərqli oldu. Novruz bayramı üçün Naxçıvana gəlmişdim. Karantin rejiminə görə isə Bakıya qayıda bilmirəm.
Futbol mövsümü əsasən avqustdan başlayır. İstirahət üçün Yeni il, Novruz bayramı kimi günlərdə vaxtımız olur. Çünki futbollar və ya idman yarışları həftə sonudu. Bayramlarda isə bəzən yerli yarışlar olmasa da xarici yarışlar olur. Ona görə 3 gündən çox çəkən istirahət insanın ehtiyacı olan qədərdi. Pandemiyanın ilk günlərində özünü tam sərbəst hiss edirsən. Kitab oxu, film izlə, musiqi dinlə. Həm də sosial təcridə görə bu ənənəvi məzuniyyət dönəmindən fərqlənir. Evdə qalmalı və əylənə bilməlisən. Bu da çətindi. Ona görə evdəki günlərin ilk 10 günü tam beyin dincəldir. Bir də ondan sonrakı durum var. Bazar günü evdə oturub, vaxt keçirmək üçün nəsə axtarırsan. Onda yadına düşür ki, məhz hər şey normal olsa idi, La Liqada hansısa matçı şərh edəcəkdin. Yaxud da həftə içi darıxanda, elə günorta saatlarında çox qəribə təsir edir. Çünki pandemiyadan əvvəl həmin saatda başını qaşımağa belə vaxtın olmurdu. "6-dan sonra” üçün maraqlı mövzular axtarırdım. Yəni, insan hər şeydən əvvəl vərdişlərin əsiridi. Bütün bunlar əslində sahib olduqlarımızın heç də sahibi olmadığımızı göstərir. İnsanın ovucundakılar anidən dəyişə bilər. Futbolu, televiziyanı, işi, peşəni - indiki kimi telefonun ekranına sığdırmaq kimi..."
Fərid Ramazanov (İdman TV): "Təbii ki, işimiz üçün çox darıxmışıq. Futbolsuz, ümumən idmansız qalmaq, izolyasiyada yaşamaq çox çətindi. Amma burada ümumi vərdişlərimizdən də daha vacib olan bir məsələ var, bu da sağlamlıqdı, özümüzün, ailəmizin, ətrafımızın, hər bir vətəndaşımızın sağlamlığı. Ona görə də çətin olsa belə, dözüb, evdə qalıb bu bəladan tez bir zamanda çıxa bilək. Hələlik isə evdə qalıb, konkret idmandan danışırıqsa, idman kanallarına baxıb köhnə nostalji anları yenidən xatırlayaq.
Röya Kərimli