Ölkəyə xarici turist axını hər il artır. Dövlət Turizm Agentliyinin 11 aylıq hesabatında da qeyd olunur ki, bu il ölkəyə gələn turistlərin sayı ötən illə müqayisədə 6 faiz artıb.
Bəs xarici turist axınının artması fonunda yerli turistlərin Gürcüstana üz tutmasının səbəbi nədir? Gürcüstanda qiymətlərin Azərbaycanla müqayisədə daha ucuz olması?
Turizm Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bu barədə Qaynarinfo-ya açıqlama verib. O bildirib ki, Gürcüstanda qiymətlərin ucuz olmasının səbəbi daha çox streotip məsələsidir:
"Yəni, bu gün Gürcüstandakı qiymətlərlə Azərbaycandakı turizm qiymətləri demək olar ki, eynidir. Bəzi hallarda onlarda aşağı olur, bəzi hallarda da bizdə. Devalvasiyadan, manatın məzənnəsi dəyişəndən sonra qiymətlər elə tənzimlənib ki, Gürcüstanın ucuz olması bir streotip olaraq qalıb".
Qurum rəsmisi qiymət məsələsində müqayisələrin yanlış müstəvidə aparıldığını xüsusi olaraq vurğulayıb:
"Gürcüstanda istirahətə üz tutan vətəndaşlarımız ordakı daha aşağı xidmət göstərən turizm mərkəzlərini bizdən daha artıq xidmət təklif edən obyektlərlə müqayisə edirlər. Onu qeyd edim ki, Gürcüstanda, hətta potsovet məkanında Şahdağ səviyyəsində qış kompleksi yoxdur. Təbii ki, onlarda da qış kompleksləri var, amma bizdə səviyyə daha yüksəkdir. Cənab Lefflerin ("Şahdağ" Turizm Mərkəzi QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler - red.) də dediyi kimi heç Avropada da bu cür qurğular yoxdur.
Buranın qiymətlərini aşağı səviyyəli bir turizm obyekti ilə müqayisə etsəz, təbii ki, arada qiymət fərqi yaranacaq. Otellər də həmçinin. Bizdəki beşulduzlu hotellərlə Gürcüstandakı hostelin qiymətin müqayisə etmək düzgün olmazdı. Amma eyni növ xidmət göstərən hotelləri müqayisə etsək, qiymətlər təxminən eynidir.
Həmçinin xaricə gedəndə biz hər şeyi büdcəmizə uyğunlaşdırırıq. Bizim Dövlət Turizm Agentliyi olaraq da qarşıya qoyduğumuz vəzifə ondan ibarətdir ki, bu sahədə sağlam rəqabət mühiti formalaşsın".
Çingiz Səfərli