"2014-cü ilə kimi əgər yığım vasitəsi kimi insanlar manata üstünlük verirdisə, ondan bu günə yığım vasitəsi dollar olub”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev Azərbaycanda pul yığımı üçün vətəndaşların hansı xarici valyutaya üstünlük verməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda xarici valyuta olaraq avroya da üstünlük verənlər var:
Samir Əliyev
"Bizdə əksər dövrlərdə yığım vasitəsi üçün dollar, bir az da avroya üstünlük verilib. Hazırda da əsasən bu iki valyutalara üstünlük verilir. Dövrü olaraq 2008-2009-cu ildən başlayaraq 2010-2014-cü ilə kimi olan dövrdə manat üstünlük təşkil etdi. Yığım vasitəsi kimi camaat manat saxlamağa başladı. O zaman bir dollar 78 qəpik idi. 100 dollar 78 manat idi. Amma 200 manat daha böyük idi. Ona görə insanlar yığım vasitəsi kimi manat saxlayırdılar. 2015-ci ildə 100 manatlıq tapılmırdı. Çünki onun hamısı yığıma gedirdi. Hətta Mərkəzi Bank bununla bağlı rüsum da tətbiq eləmişdi ki, 100 manatlıq verəndə banklar əlava ödəniş tətbiq eləsin. Sonradan devalvasiya baş verdi, insanlar kütləvi şəkildə dollar almağa başladı”.
Samir Əliyev qeyd edib ki, hazırda dollara yenidən təlabat yaranıb:
"Hər bir halda 2014-cü ilə kimi əgər yığım vasitəsi kimi insanlar manata üstünlük verirdisə, ondan bu günə yığım vasitəsi dollar olub. Azərbaycanda əmanətlərin strukturuna baxsaq, iki valyuta - milli və xarici valyutaya üstünlük verilir. Xarici valyutanın strukturuna baxsaq, onun böyük hissəsini dollar, az hissəsini isə avro təşkil edir. Digər valyutalar - türk lirəsi, ingilis funtu və rus rublu yığım vasitəsi deyil. Bunlar həmin valyutalar istifadə olunan ölkələrə gedəndə lazım olur. Nəzərə alsaq ki, neftin qiyməti hələ yüksək deyil, gələcəkdə manatın bahalaşma prespektivi yoxdur, bu üzdən insanlar daha çox dollara üstünlük verəcəklər”.
Bahar Rüstəmli