Xəbər lenti

Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında niyə fəal deyil? (ŞƏRH)
Dünya 18:42 01.10.2025

Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında niyə fəal deyil? (ŞƏRH)

"Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında hələ də passiv iştirak etməkdə davam edirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlıların namizəd olaraq aktiv olmamasını şərh edərkən deyib.

Ekspert qeyd edib ki, soydaşlarımız arasında Gürcüstanda sovet dönəmindən qoyulan siyasi proseslərdə passiv olmaq ənənəsi indi də davam edir: 

"Hələ sovet dövründə oradakı soydaşlarımız kifayət qədər passiv olmaları ilə seçilirdilər. Gürcüstandakı azərbaycanlılar daha çox öz təsərrüfatlarına qapanıblar. Yəni əvvəldən ənənə belə qoyulub. Gürcüstanın müstəqil olmasından üzü bəri soydaşlarımızın düşüncəsində anoloji vəziyyət yenə də hökm sürməkdədir. Yəni bu istiqamətdə olsa-olsa cüzi dəyişikliklər baş verib. Amma ciddi şəkildə heç nə dəyişməyib".
 


Mehman Əliyevin fikrincə, Azərbaycan hökuməti də bu işdə Gürcüstandakı soydaşlarımıza yardımçı ola bilər:

"Azərbaycan hökuməti də maraqlı olmalı idi ki, oradakı soydaşlarımız gürcü cəmiyyətinə inteqrasiya olunsunlar. Kifayət qədər imkan yarada bilərdik ki, soydaşlarımız ali təhsil alsın, müxtəlif orqanlarda fəaliyyət göstərsinlər. Ermənilər isə digər yerlərdə olduğu kimi, Gürcüstanda da aktivdir. Çünki himayə olunurlar".

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilər Azərbaycan tərəfindən də yaxından izlənilir. Buna ən çox səbəb də yerli idarə orqanlarına soydaşlarımız sırasından namizədlərin olmasıdır. Amma qonşu ölkədəki seçki ətrafında Azərbaycan tərəfin həm etirazına, həm də təəssüfünə səbəb olan bəzi məqamlar da yaranıb. Belə ki, ən çox da hakim "Gürcü Arzusu"nun namizədlər siyahısında soydaşlarımıza qarşı açıq aşkar ayrı-seçkilik edildiyi göz önündədir. Bunu açıqlanan namizədlər siyahılarından görmək mümkündür. Hətta azərbaycanlıların çoxluq təşkil etdiyi bölgələrdə belə onlar bələdiyyəyə namizədlər arasında çoxluq təşkil etmirlər. Halbuki Gürcüstanda saylarına görə, gürcülərdən sonra ikinci ən böyük millət azərbaycanlılardır. 

Əvəzində gürcü iqtidarı ermənilərə "yaşıl işıq” yandırıb. Məsələn, 10 nəfərlik siyahı varsa, azı 7-8 nəfəri ermənidir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->