Bu ilin aprel ayında Ankarada təhsil alan üç azərbaycanlı tələbənin PKK-ya qoşulması barədə yayılan xəbərlər öz təsdiqini tapıb. Azərbaycanın Xarici İşlər və Daxili İşlər, eləcə də Milli Təhlükəsizlik nazirlikləri araşdırmalara başlayıb.
Bu barədə BBC-nin Azərbaycan xidmətinə Təhsil Nazirliyinin Türkiyədəki təmsilçisi Nəcibə Nəsibova məlumat verib. Onun sözlərindən aydın olub ki, PKK-ya qoşulan tələbələrin heç biri dövlət xətti ilə təhsil almayıb. Təhsil müşaviri onlardan dərs davamiyyəti və qiymətləri zəif olan “savadsız tələbə” kimi bəhs edib. Hətta həmin tələbələrin kürdlərə yaxın olduqlarını da təsdiqləyib.
Son vaxtlar Azərbaycanda bu kimi halların artdığının şahidi oluruq. Suriyada döyüşmək üçün ölkəni tərk edənlərin də sayı az deyil. Son olaraq da PKK-ya qoşulan bu üç tələbə problemi yenidən göz önünə gətirdi. Müharibə şəraitində olan Azərbaycandan vətəndaşların digər ölkələrə döyüşmək üçün getmələri, həyatlarını təhlükə altına atmaları sual doğurmaya bilməz.
MTN-in sabiq əməkdaşı, ekspert Arzu Nağıyev "Yeni Musavat"a açılamasında PKK-ya qoşulan tələbələrlə bağlı araşdırmalar aparıldığını söyləyib: “Bu şəxslərin hər biri haqqında çoxdan məlumatlar olub. Axtarışlar aparılır. Çox güman ki, onların hamısı barəsində axtarış elan olunub. Sadəcə, araşdırmanı sona çatdırandan sonra məlumat verəcəklər. Bəlkə heç həmin tələbələr deyil? Hər şey ola bilər. Bu gənclər solçuluğu təbliğ edən uşaqlar olublar. Hətta mitinq keçirməyə, qanunsuz təbliğatla məşğul olmağa cəhd ediblər. Bunların üzərində ciddi iş aparılıb. Kiminsə birdən-birə silahlanıb, terror təşkilatına qoşulması inandırıcı deyil. Çox güman ki, hüquq-mühafizə orqanları gec xəbər tutublar. Türkiyədə tələbə adı ilə bu proseslərə qoşulublar”.
Ekspert azərbaycanlıların digər ölkələrdə döyüşə can atmaları məsələsinə də aydınlıq gətirib: “Hazırda ölkəmizdə döyüşlər getmir. Hərbidə müddətdən artıq qalanlar var. Bu şəxslərdə ideya başqadır. Suriyaya nə üçün döyüşməyə gedirlər? Soruşanda cavab verirlər ki, Şam müqəddəs şəhərdir. Məgər ana yurd müqəddəs deyil? Sadəcə, səbəb və məqsəd tamam başqadır. Əsas məsələ budur. Təbii ki, vətənpərvər ruhda olanlar da ölkəmizdə az deyil. Bu dəqiqə nə qədər istəsəniz, döyüşmək üçün könüllülər var. Sadəcə, təəssüflər olsun ki, bu tipli şəxsləri öz torlarına sala bilirlər. Hər şey maarifçilikdən asılıdır. Maarifçilik yüksək olmalıdır. Bu məsələyə böyük önəm verilməlidir”.
Arzu Nağıyev belə şəxslərin ölkəmizdə qalmaları üçün görülməli olan işlərdən də söz açıb: “Bununla bağlı hüquq-mühafizə orqanları və Cinayət Məcəlləmiz var. Belə şəxslər barəsində cinayət işi açılır. Konkret maddə var. Ölkəyə qayıdanda bu şəxslərin başını sığallaya bilməzlər. Hüquqi yolları var. Belə yollarla yalnız bu kimi halların qarşısını almaq mümkündür. Xarici ölkədə adam öldürmə, qanunsuz qruplaşmaya daxil olma, sərhədi keçmə və s. kimi hallar qanunla cinayət yaradır. Bunlar ciddi surətdə araşdırılmalıdır”.4
Qaynar.info