
Mayın 27-də Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası olub.
Qaynar.info-nun məlumatına görə, aksiya D18 hərəkatının təşkilatcılığıyla keçirilib. Qeyd edək ki, "Cümhuriyyət dəyərlərinə sahib çıxaq" adlı aksiyanın keçiriləcəyinə dair məlumatlar hələ bir neçə gün öncədən "facebook"da yayılmışdı.
D18 Hərəkatının Ukrayna təmsilcisi Umud Abdullayevin verdiyi məlumata görə, səfirlik önündə təşkil olunan aksiyada Cümhuriyyətimizə və onun qurucularına, Məhəmməd Əmin Rəsulzadəyə olunan haqsızlığa və sayğısızlığa etiraz edilib.
U.Abdullayev bildirib ki, öncədən 100-ə yaxın insan aksiyada iştirak etmək arzusunda olub: "Aksiya icazəli olduğu üçün əvvəllcə heç bir maneəyə rast gəlmədik. Lakin aksiyanın keçiriləcəyi vaxtdan bir neçə saat öncə iştirakçılara ən müxtəlif üsullarla təzyiqlər göstərildi".
U.Abdullayevin sözlərinə görə, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşlarından fərqli olaraq Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı sayğılı davranıblar: "Aksiya başladıqdan bir müddət sonra səfirlik işçilərindən bir neçəsi yaxınlaşıb pasportlarımızı aldılar. Bu zaman onları yerli polislər müşayiət edirdi. Adlarımızı qeyd edib getdikdən sonra yenidən qayıtdılar. Bu dəfə pasportlarımızın seriya nömrələrinədək yazıb götürdülər. Həmin vaxt Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov da oradaydı. Yeri gəlmişkən, aksiyanın təşkilindən ən çox əndişələnənlərdən biri də məhz o idi. A.Tahirov və səfirlik əməkdaşları bizim şəkillərimizi çəkib saytlara ötürərək guya, aksiyanın fiaskoya uğradığına dair məlumatlar yayıblar".
U.Abdullayev əlavə edib ki, tək də olsa, minlərlə tərəfdaşı olsa da haqq sözü deməkdən çəkinməyəcəklər: "Mübarizə də budur. Biz haqqı demək üçün mübarizədəyik".
Qeyd edək ki, bu ilin martında yaradılan D18 hərəkatı fərqli baxışları, ideologiyaları birləşdirən toplumçu bir hərəkatdır. Hərəkat yeni yaranmasına baxmayaraq sosial şəbəkələrdə çox aktivdir və indiyədək regionlarda bir sıra tədbirlər və layihələr həyata keçirib.
Qaynar.info