
Türkiyə Futbol Federasiyası kamerunlu Samuel Eto ilə 9 milyon avroya anlaşan "Antalyaspor"a sabiq futbolçularına olan borclarına görə cəza verib.
Qaynar.info xəbər verir ki, 5,5 milyon türk lirəsi həcmində olan borc 1 ay ərzində ödənilməzsə, bu klubun 6 xalı silinəcək.
Bundan başqa, lisenziya almaq üçün 2-ci dəfə şans verdiyi, ancaq şərtləri yerinə yetirə bilməyən "Antalyaspor"a 80 min lirə cərimə kəsilib. Qeyd edək ki, Antalya klubu braziliyalı Vederson və Semih Şəntürkə 1 milyon, kamerunlu Eyonq Enoya 720 min, Giray Kaçara 700 min, ispaniyalı Natxo İnsa və Dəniz Barışa 450 min, Uğur İncəmana 396 min, nigeriyalı İsaak Promaysa 390 min və braziliyalı Titaya 300 min lirə borcludur. Ancaq faizlərlə birgə bu rəqəmin 10 milyon lirəyə çatacağı da bildirilir.
Qeyd edək ki, Mahir Şükürovun sabiq komandası olan "Antalyaspor" bu il Superliqada oynamaq hüququ əldə edib. "AST Telman" kimi Telman İsmayılovun kurasiyasında olan bu klubun İdarə Heyətində azərbaycanlı da var. Belə ki, AST Şirkətlər Qrupunun Türkiyədəki təmsilçisi olan Natiq Abbasov komandanın rəhbərliyində yer alır.
Qaynar.info