Xəbər lenti

Video 14:25 19.04.2023

“Azərbaycanlıyam, Almaniya və ya Rusiya üçün döyüşmək fikrim yoxdur”

Azərbaycanlı boksçu Yusif Məmmədzadə gücünü peşəkar rinqdə sınamaq istəyir.

Hazırda Almaniyada yaşayan 20 yaşlı idmançı bir müddət öncə Niderlandda yarışa qatılaraq, bürünc medala sahib olub.

Yusif tanınmış boksçu, 1996-cı ildə keçirilən Atalanta Olimpiadasının iştirakçısı mərhum Ədalət Məmmədovun qohumudur.

Gənc boksçu ilə əlaqə saxlamaqda məqsədimiz özü haqda ətraflı məlumat almaq, onu yaxından tanımaq idi.

Rus və ingiliscə də sərbəst danışmasına baxmayaraq, Yusif müsahibəni ana dilində vermək istəyində olduğunu bildirdi.

- Hansı dildə danışmaq rahatdır sənə?

- Azərbaycan dilində tam başa düşürəm və danışıram. Sadəcə, qrammatikam bir az yaxşı deyil.

- 2003-cü ildə hansı ölkədə anadan olmusan?

- Bakıda doğulmuşam.

- Valideynlərinin hər ikisi azərbaycanlıdır?

- Əlbəttə. Atam bakılıdır, anam İmişlidən.

- Azərbaycanı çoxdan tərk etmisiz?

- Açığı, yadıma gəlmir. Çünki həmin vaxt uşaq olmuşam. Yaşım az olanda Azərbaycandan Rusiyaya köçmüşük, 2015-ci ildə Almaniyaya gəlmişik. 8 ildir Kölndə yaşayırıq.

- Boksa maraq hardan yaranıb? Neçə yaşdan məşğul olmağa başlamısan?

- 7-8 yaşımda başlamışam. O vaxt biz Rusiyada yaşayanda atam məni məşqlərə yazdırmışdı. Atamın ən böyük arzusu idi boksçu olmağım. Dayım da məşhur boksçu olub - Ədalət Məmmədov. Ola bilsin, qandan keçib.

- Rəhmətlik doğma dayındır?

- Anamın xalası oğludur, amma qardaş qədər doğma olub. Ona görə də hamı ona «dayı» deyə müraciət edib.

- Sən anadan olan ildə Ədalət Məmmədov dünyasını dəyişib.

- Elədir. Təəssüf ki, Ədalət dayını görmək mənə qismət olmadı. Mən anadan olanda, o, vəfat etmişdi. Amma haqqında çox eşitmişəm, valideynlərim, qohumlarım xatirələrini bölüşüb. Elə məqsədim də Ədalət dayının yolunu layiqincə davam etdirməkdir.

- İndiyə qədər hansı turnirlərə qatılmısan? Nə kimi uğurlara sahib olmusan?

- Boksa 8 yaşımda başlamışdım. Hardasa 12 yaşıma qədər davam etdim. Sonra Almaniyaya köçdük, amma burada davamını gətirmədim. Həddən artıq çəki yığmışdım, həm də fikirlərim dağınıq idi, bir yerə köklənə bilmirdim, çox şeyə həvəsim var idi. 16 yaşımda çəkim 125 kiloya qədər artmışdı. Gördüm ki, rinq məni özünə çəkir. 2021-ci ildə yenidən boksa qayıtdım.

- Hələ ki, həvəskar döyüşlərə qatılırsan, düzdür?

- Bəli-bəli. Allahın köməkliyi ilə 2024-ci ilin əvvəlində ilk peşəkar döyüşə çıxacam. Artıq neçə vaxtdır məşqçilərimlə birlikdə buna hazırlaşırıq.

- Niderlandda qatıldığın yarış həvəskarlar arasında idi?

- Bəli, orada həvəskarlar döyüşürdü. Faydalı və prestijli turnir idi. Üçüncü yeri tutub, bürünc medal aldım.

- Azərbaycanda doğulmusan, boksa Rusiyada başlamısan, hazırda Almaniyada yaşayırsan. Gələcəkdə hansı ölkənin milli komandasında yer almaq istəyirsən?

- Peşəkar statusu alan kimi dərhal azərbaycanlı döyüşçü kimi təqdim olunacam. Azərbaycanlıyam, Azərbaycanda doğulmuşam, özümü Azərbaycanın vətəndaşı hesab edirəm. Rinqə çıxanda da ölkəmin adı üçün döyüşəcəm. Almaniya və ya Rusiya üçün döyüşmək fikrim yoxdur. Ən böyük arzum Azərbaycanın bayrağını yarışlarda dalğalandırmaqdır.

- Rəqbət bəslədiyin boksçular kimdir?

- İlk növbədə rəhmətlik dayım. Xaricilərin arasında isə Kanelo, Floyd Meyvezer, Endi Ruisin döyüşlərini həvəslə izləyirəm. Azərbaycanda peşəkar boksçular yox dərəcəsindədir. Ona görə də amerikalı boksçulara baxıram. İlk azərbaycanlı dünya çempionu olmaq üçün əlimdən gələni edəcəm.

- Azərbaycanlı boksçularla və ya məşqçilərlə əlaqən var?

- Xeyr, heç kimi tanımıram. Olsaydı, çox sevinərdim. Peşəkar olandan sonra tez-tez Azərbaycana gedib, orada məşq etmək istəyirəm. Belə olandan sonra tanışların sayı çoxalar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->