Xəbər lenti

“Azəriqaz”da ixtisar qalmaqalı
Ekonomiks06:16 11.07.2014

“Azəriqaz”da ixtisar qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi rayon Qaz İstismar sahəsinin işdən çıxarılmış operatoru dövlət qurumlarından yardım istəyir

Nabatov Maarif  İsmail oğlu "Azəriqaz" ASC-nin Bakı şəhəri Nəsimi rayonu Qaz İstismar sahəsində işlədiyi qaz tənzimləmə qurğularının operatoru vəzifəsindən qanunsuz olaraq çıxarıldığını bildirir. Redaksiyaya müraciət edən 1965-ci il təvəllüdlü şikayətçi Bakı şəhəri Böyük Şor qəsəbəsi, Daş karxanası, 22A ünvanında yaşayır.

Qaynar.info bizimyol.info-ya istinadla xəbər verir ki, M.Nabatov işdən çıxarıldığını qanunsuz hesab edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyeva və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə müraciət edib.

O, müraciətində yazır ki, 17 il işlədiyi Nəsimi rayonu Qaz İstismar sahəsində 2014-cü il iyun ayının 2-dək çalışıb: "Nəsimi rayonu Qaz İstismar sahəsi "Azəriqaz"da gedən struktur dəyişikliklərini bahanə gətirərək məni, eləcə də mənimlə bir işləyən bir neçə qaz tənzimləyici qurğularının operatorunu ixtisara salıb. Bu ixtisar zamanı idarə rəhbərliyi tək biz operatorların yox, ümumən idarədə işləyən bir çox insanın əmək hüquqlarını pozub. Əsasən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə məhəl qoymadan ixtisarlar aparıb".

Maarif  Nabatov iddia edir ki, "Azəriqaz"ın Həmkarlar İttifaqı da bu qanunsuzluqlarda rayon rəhbərliyinə köməklik göstərib: "Rayon rəhbərliyi ixtisar əmrindən istifadə edib saxta əmr hazırlayır. Bu əmrə əsasən, Nəsimi rayonunda olan bütün Qaz tənzimləmə məntəqələrinin işçiləri ixtisara düşür. "Azəriqaz" rəhbərinin 2014-cü il 192 saylı əmrinə əsasən, hər rayonda qaz tənzimləmə məntəqələrinin sayına görə operator ştatı ayrıldığı halda, idarə rəhbərliyi bu əmri gizlədib, ancaq əmrdən çıxarışı çap edib. Bununla da biz işçiləri yanlış səmtə yönəldib. Bu hal isə artıq Cinayət Məcəlləsində dələduzluq kimi göstərilib".

Şikayətçi müraciət etdiyi dövlət qurumlarından xahiş edir ki, ixtisar faktını araşdırsınlar: "Bizə hüquqlarımızın müdafiəsində köməklik edib, yenidən öz işimizə qayıtmaqda və qanun pozuntularının gələcəkdə qarşısını almaqda yardımçı olasınız. Məndə olan məlumata görə, qaz tənzimləmə məntəqələrinin operatorları yalnız Nəsimi rayonunda ixtisara salınıb. O biri rayonlarda öz fəaliyyətlərini davam etdirirlər".

M.Nabatov keçmiş iş yerində olan şəraitsizlikdən də yazıb: "Bizim keçmişdə işlədiyimiz qaz tənzimləmə məntəqələrinin bəzilərində tualet belə yoxdur. Hazırda bu vəziyyət orada dəyişməmiş qalır".

Qaynar.info