İdman 17:51 23.11.2022

Bağırov 0:5-in səbəbini izah etdi: “Bu məğlubiyyət komandamıza yaxşı təsir edəcək”

Ötən gün Azərbaycan Kubokunda bir neçə qarşılaşma baş tutdu. Bu görüşlərdən biri də Qəbələnin eyniadlı təmsilçisi ilə "Araz Naxçıvan” arasında keçirildi. Görüş Premyer Liqa klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşdı. 

"Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Qaynarinfo-ya açıqlamasında böyükhesablı məğlubiyyətin səbəblərindən danışıb. O, Premyer Liqa ilə Birinci Divizion klubları arasında kəskin fərq olduğunu etiraf edib:

"Düzdür, yaxşı hesab deyil. Amma gözlənilirdi, olacaqdı. Bizim komandada 2-3 nəfər yaşlı futbolçu oynayırdısa, "Qəbələ”də demək olar, hamısı milli üzvləri, yaşları da 27-28-dən yuxarı idi. Birinci Divizionda limitlə bağlı o qədər gedişat var ki… 2002-ci il təvəllüdlü futbolçularla Premyer Liqa komandasının qarşısına çıxmaq, məncə, normal hal deyil. Elə futboçumuz var ki, Regional Liqadan Birinci Diviziona gəlib və burada ilk dəfə, üstəgəl Premyer Liqa təmsilçisinə qarşı mübarizə aparır, sizcə necə olmalıdır? Fikir verin, 2 və 3-cü qolları necə uşaq səhvlərindən sonra buraxdıq. Bunlar olmasaydı, bəlkə də oyun tam başqa cür gedərdi. Bizim də qol epizodlarımız vardı, dəyərləndirə bilmədik. Onlar isə əllərinə düşən imkanlardan maksimum şəkildə yararlandılar. Bu da Birinci Divizionla Premyer Liqanın fərqini göstərdi. Əlbəttə, bu liqalar arasında kəskin fərq var, danılmazdır. "Qəbələ” ilə ayaqlaşdığımızı desəm, absurd olar. Onların iki futbolçusunun qiyməti bizim komandanın illik büdcəsi qədərdir”.

Mütəxəssis oyuna çıxmazdan əvvəl rəqibi lazımlı şəkildə analiz etdiklərini deyir:

"Analiz etmişdik, birinci hissədə rəqibin, demək olar, qol vəziyyəti yaratmasına imkan vermədik. Uzaqdan zərbədən sonra vurulan qolla hesabda önə keçdilər. İkinci hissənin ilk 10 dəqiqəsini də yaxşı keçirdik. Sadəcə, buraxılan o qollardan sonra psixoloji cəhətdən "sındılar”. Fikrimcə, bəzi, hansı ki, Premyer Liqa komandasına qarşı ilk dəfə oynayan futbolçular psixoloji olaraq hazır deyildi”.

Məşqçi bu məğlubiyyətin komandanın oyununa yaxşı təsir edəcəyi qənaətindədir:

"İnandırım sizi, məncə, yaxşı təsir edəcək. Paltardəyişmə otağında uşaqlardan tam razı qaldığımı dedim. Yaxşı mübarizə apardılar. Neyləyə bilərsən ki? Kimlərdən səhv gözləyirdim, elə onlar da uşaq səhvi buraxdılar. Alternativ variant da yoxdur. Əlimdə olan "material” elə budur. Çünki biz Premyer Liqaya deyil, Birinci Diviziona hazırlaşmışdıq. Büdcəmiz də buna uyğun idi”.

Bağırov Birinci Divizionda tətbiq edilən limitin ən böyük problemlərdən biri olduğunu bildirir:

"Ən böyük problemlərdən biri budur. Çünki ilboyu 2002 əvəllüdlü futbolçularla oynamağa hazırlaşırsan və məcbursan ki, bu yaşda uşaqları dəvət edib daimi meydana buraxasan. Birdən-birə yaşlı futbolçuları oynadanda, həm komanda oyununu, həm kollektiv ruhu itirirsən. Yaşlıları bir həftəyə oyuna hazırlamaq normal hal deyil. Məsələn, dünən komandadakı bütün yaşlı futbolçuları meydana buraxmışdım, hansı ki, onları ilboyu oynatmamışam. Daha doğrusu, fasilələrlə oynayıblar. Birdən-birə yaxşı, həm də nisbətən təcrübəli heyət buraxmaq məcburiyyətində qalırsan, belədə onlar arasında anlaşma istənilən səviyyədə olmur”.

Naxçıvan təmsilçisinin çalışdırıcısı komandasının Birinci Divizionda çempionluğu hədəflədiyini deyir:

"Tam əminliklə deyə bilərəm, hər şey öz qaydasında getsə, klubda, uşaqların səhhətində böyük problemlər olmasa, inşallah çempionluğu qazanacağıq. Komandamız Birinci Divizionda ən yaxşılardandır. Uşaqların səyi, döyüşkənliyi nəticəsində, ümid edirəm ki, çempion olarıq”.

Səbuhi Həsənov