"Ölkə üzrə vahid bir rəqəmsal platformanın yaradılması istehlakçıların hüquqlarını qorumağa daha çox kömək edər”.
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son qiymət artımlarından sonra bir çox sahələrdə müşahidə olunan bahalaşmadan danışarkən deyib. O bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və VXSİ Dövlət Agentliyi yanında eGov Mərkəzi bu istiqamətdə daha effektiv həllər hazırlaya bilər:
"Fikrimcə, adı çəkilən qurumlar sosial əhəmiyyətli, daha çox tələbat olan malların siyahısı üzrə qiymət artımını monitorinq etmək üçün bir rəqəmsal həll - mobil tətbiq hazırlaya bilər. Bu mobil tətbiqlə vətəndaşlar həm qiymət artımları haqqında aidiyyatı dövlət qurumlarını məlumatlandıra bilər və həm də öz istehlakçı hüquqlarının qorunmasını reallaşdıra bilərdi. Düşünürəm ki, son dövrlərdə antiininhisar sahəsində bir qədər aktivliyi müşahidə olunan Antiinhisar Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunmasına da diqqəti artırmalıdır”.
Osman Gündüz hesab edir ki, Antiinhisar Dövlət Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində olması ona daha geniş imkanlar yaradır:
"Qurum nəinki qiymət artımlarının monitorinqi üzrə, ümumiyyətlə, isrtehlakçılardan gələn təklif və rəyləri, şikayətləri qəbul etmək üçün ölkə üzrə vahid bir rəqəmsal platforma, onun mobil versiyasını hazırlamalıdır. Xidmət və ərzaq sektorunda fəaliyyət göstərən qurumların bu platformaya inteqrasiyası təşkil olunarsa, sistem daha çevik və faydalı ola bilərdi. Vətəndaşlara bu rəqəmsal platforma ilə dərhal aidiyyatı dövlət qurumları ilə əlaqə imkanları yaradılmalıdır. Bəzən vətəndaş aldığı malı geri qaytara bilmir, aldığı xidmətin keyfiyyətindən razı qalmır, bununla bağlı anındaca müraciət etmək imkanı olmadığından öz hüquqlarını reallaşdırmaqda çətinlik çəkir. Əgər vətəndaş üçün aldığı malın çekini skan etmək və ya QP-kodu oxumaq imkanları yaradılsa o, dərhal bu mobil tətbiqlə aidiyyatı ünvana müraciətini yönləndirə bilər. Fikrimcə, vacib əhəmiyyətli mallar və xidmətlərin qiymətlərni monitorinq etmək, istehlakçılarla birbaşa əlaqə qurmaq və onların müraciətlərini qəbul etmək üçün ölkə üzrə vahid bir rəqəmsal platformanın hazırlanması vacibdir və bu, çox faydalı olardı. Ümid edirəm, Antiinhisar Dövlət Xidməti və eGov Mərkəzi bu məsələni qısa müddətdə həll edə biləcək”.
Bahar Rüstəmli