"Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən sərnişin qatarının yolda qalmasına aydınlıq gətirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, avqustun 11-də aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.
Nəticədə Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.
Hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.
Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq. Bakı-Balakən sərnişin qatarı bu gün Bakıdan isə cədvəl üzrə yola salınacaq.
***13.30
Bakıdan Balakənə hərəkət edən sərnişin qatarı yolda qalıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, buna səbəb avqustun 10-da axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsindəki dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsidir.
Ona görə də dünən axşam Bakıdan çıxan və bu gün səhər saatlarında Balakən stansiyasına çatmalı olan qatar Qax rayonu ərazisindəki Kötüklü stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla Qax, Zaqatala və Balakən rayonlarına göndərilib.
Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür.