Xəbər lenti

Bakı Dezinfeksiya Stansiyası ilə “Epidbiomed” MMC-ni nə birləşdirir?
Ölkə 14:18 04.12.2013

Bakı Dezinfeksiya Stansiyası ilə “Epidbiomed” MMC-ni nə birləşdirir?

İki gün öncə “Bakı Dezinfeksiya Stansiyası milyonları necə silir?” başlıqlı yazıdan sonra Bizimxeber.az-ın redaksiyasına maraqlı məlumatlar daxil olub. 

Baş həkimi Akif Məmmədov olan qurum Səhiyyə Nazirliyinə tabedir, amma mövcud olduğu müddətdə nə işlə məşğul olduğu barədə müfəssəl məlumat yoxdur. Üstəlik, idarə ilə bağlı xeyli ilginc iddialar var. Xüsusən də büdcə pullarının silinməsi məsələsində yeyinti halları diqqəti çəkir.

Ötən yazıda da qeyd olunurdu ki, stansiya təkcə bu 2013-cü ildə 216 min manatdan artıq büdcə vəsaitinin “axırına çıxıb”. Bu vəsait yalnız “Epidbiomed” MMC-yə tender vasitəsilə ayrılan puldur. Bu pullara “Epidbiomed” MMC dərman preparatlarını almalı, kommunal xətlərin təmir işlərini həyata keçirməli, ehtiyat hissələri, sürtkü materialları, təsərrüfat malları, dəftərxana ləvazimatları almalı və mətbəə xidmətləri həyata keçirməlidir.

Maraqlıdır ki, sıradan bir qurumun dəftərxana ləvazimatlarına böyük miqdarda pul sərf etməsinin əsaslandırılması da yoxdur. Bəlkə də sırf çap işləri ilə məşğul olan mətbəələr il ərzində bu qədər vəsait sərf etmirlər.

Digər tərəfdən, yuxarıda sadalanan işlərin demək olar ki, hamısı müxtəlif təyinatlıdır. Belə rəngarəng işlərin bir şirkət tərəfindən görülməsi də, ayrılan pulların mazinasiya qurbanı olduğunu deməyə əsas verir.

2004-cü ilin dekabrında yaradılan və əczaçılıq sektorunda monopoliya yaradan “Epidbiomed” MMC yarandığı gündən ölkəni dərman preparatları və vaksinləri ilə təmin etməyi öhdəsinə götürüb. MMC Bakıda yaradılsa da, qısa müddətdə respublikanın bütün regionlarında nümayəndəliklərini yarada bilib. Etiraf etmək lazımdır ki, səhiyyə nazirinə yaxınlığı olmayan sıradan bir vətəndaşın bu qədər böyük biznesin altına girməsi mümkün olmazdı.

“Epidbiomed”-in əsas gəlir yerlərindən biri də respublikanın dövlət qurumlarının nəzdindəki tibb müəssisələrinin tibbi təchizatını tender yolu ilə həyata keçirməkdir. Yəni, şirkət hər il 30-a qədər rayonun Mərkəzi Xəstəxanalarını tender yolu ilə, digər bütün rayonları isə tenderdən kənar peyvənd və zərdablarla təmin etməyi öz öhdəsinə götürüb. Belə olan halda da hörmətli Oqtay Şirəliyevin izini görməmək mümkün deyil. Bundan başqa, Bakı şəhərində yerləşən dövlət və özəl səhiyyə müəssisələri də “Epidbiomed”-lə əməkdaşlıq edir və ya buna məcbur edilir.

Bəs bu şirkət hansı məhsulların ölkəyə gətirilməsini təmin edir? Bu sırada vaksinlər və zərdablar, insulin və diabetik dərmanlar, eləcə də digər (Albumin 20% 100 ml, Albumin 20% 50 ml, Striasan (pre), Striasan (post), Cathejell – Montavit, Kalsiy glukonat, Ampisillin, Riboksin kimi dərmanlar) dərman preparatları üstünlük təşkil edir.

Məsələ burasındadır ki, şirkətin gətirdiyi dərmanların və vaksinlərin əksəriyyəti holoqramsızdır. Məlum olduğu kimi vaksinlər və zərdablar xəstəxanalara paylanır. Yəni, əhalinin nə bu dərmanların saxlanma müddətindən, nə tərkibindən, nə də keyfiyyətindən xəbəri olmur. Məhz bu amil də şirkətə imkan verir ki, mənşəyi məlum olmayan, standartlara cavab verməyən dərmanları, xüsusən də xaricdən ucuz qiymətə alınan vaksin və zərdabları baha qiymətə sənədləşdirsin.

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, həm Bakı Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov, həm də “Epidbiomed” MMC-nin rəhbərliyində olan Namiq Əliyev və Surxay Mustafayev səhiyyə naziri Oqtay Şirəliyevin yaxın adamlarıdır. Bu yaxınlığın sırf hansı səviyyədə qurulması məlum olmasa da, nazirin bu şəxslərə bu dərəcədə etibar göstərməsi və səlahiyyət verməsi çox şeydən xəbər verir./bizimxeber.az/

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->