
“ACT Azərbaycan” 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində spirtli içkilərlə bağlı sorğu aparıb.
Qaynarinfo.Az həmin sorğunun nəticələrini təqdim edir.
"Yeni il bayramı bitdi. İnsanlar yavaş-yavaş da olsa, iş başına keçməyə başlayıblar. Bayram əhval-ruhiyyəsindən ayrılmaq hər kəsə çətin gəlir. Ən böyük çətinliyi isə bayramda hamıdan çox yeyib-içənlər çəkir. Xüsusilə də 2017-ci ili şampan şərabı ilə qeyd edənlər tətil abu-havasından çıxmaqdan çətinlik çəkirlər".
Bəs ümumiyyətlə Bakı sakinlərinin neçə faizi spirtli içki istifadəçisidir ?
"“ACT Azərbaycan”ın apardığı sorğuya görə son 6 ay ərzində şəhər əhalisinin dörddə biri (26%) spirtli içkilərdən istifadə edib. Alkoqollu içkiləri ayda bir dəfə içənlər nisbi üstünlük təşkil edirlər (25%). Onları spirtli içkilərdən ayda 2-3 dəfə istifadə edənlər izləyir (22%). Həftənin 2-3 gününü spirtli içkilərdən istifadə edənlər sorğuda 10% təşkil ediblər. 5% respondent isə alkoqollu içkiləri həftədə 1 dəfə içdiyini bildirib".
Bəs alkoqol sevərlərin damaq dadına hansı içkilər uyğundur ?
"Respondentlər tərəfindən ən çox sevilib-seçilən içki araqdır (52 %). 17 % üçün viski əvəzolunmazdır. Şərabsevərlər 15 %-lə üçüncüdülər. 11 % respondent isə pivəni seçir. Cəmi 5 % şampan şərabının vurğunudur".
Azərbaycan cəmiyyətində qadınların spirtli içki qəbul etməsi birmənalı qarşılanmır:
"Qadın və alkoqol mövzusunun həssaslığını nəzərə alıb respondentlərdən alkoqol istifadə edən qadınlara qarşı olan münasibətlərini də öyrəndik. Məlum oldu ki, spirt qoxusunu qadına yaraşdırmayanlar çoxluq təşkil edir ( 72 %). Qadınların 77 %-i, kişilərin isə 67 %-i zərif cinsin spirtli içki marağını qınayır. Əsasən yaşlı nəslin nümayəndələri (55-64 yaş aralığı) bu hala qarşı çıxırlar (82 %)".
"Kişilərin spirtli içkilərə olan marağı da respondentlər tərəfindən birmənalı qarşılanmır. Qadınların 60 %-i, kişilərin isə 40 %-i güclü cinsin alkoqoldan istifadə etməsini pis qarşılayır. Xüsusilə də yaşı 65-dən yuxarı olan ahıl respondentlər içən kişiləri qınayır (64%)".
Qeyd edək ki Sorğu “ACT Azərbaycan” tərəfindən 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.
Qaynarinfo.Az