Siyasət 15:45 14.01.2023

Bakı-İrəvan danışıqlarında yeni vasitəçi kim olacaq? (ŞƏRH)

"Ştaynmayerin Prezident Əliyevə zəngi və açıqlamaları əslində Avropa Birliyinin Brüssel formatının davam etməsində maraqlı olduğunun göstəricisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Avropa Birliyi-Azərbaycan-Ermənistan üçtərəfli formatı dəstəklədiyini vurğulamasına münasibət bildirərkən deyib:
 
"Bu açıqlamanın Almaniya Prezidenti tərəfindən səslənməsi iki baxımdan maraqlıdır. Ştaynmayer daha yumşaq siyasət yürüdən siyasətçidir. Bu mənada da İlham Əliyevə başqalarının deyil, məhz Ştaynmayerin zəng etməsi maraqlıdır. Digər tərəfdən, Almaniya Aİ-nin iki önəmli ölkəsindən biridir. Brüssel formatı üzrə müzakirələrdə Fransa Azərbaycana neqativ münasibəti üzündən artıq geri planda qalıb. Bu vaxta qədər Aİ Prezidenti Şarl Mişel sözügedən istiqamətdə dəstəyi Fransadan alırdı. İndi isə görünür, həmin dəstək rolunda Almaniya çıxış edəcək. Almaniya Prezidentinin Azərbaycan Prezidentinə zəngi də bu mənada onların Brüssel formatının davam etməsində maraqlı olmalarından qaynaqlanır. Ola bilsin ki, önümüzdəki dönəmdə prosesdə Berlin rəsmiləri daha aktiv rol alacaqlar. Digər tərəfdən, bu zənglə Ştaynmayer Berlinin Aİ-nin lideri kimi Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində oynadığı rolda öz fəallığını göstərməyə çalışır”. 

Ekspert qeyd edir ki, Almaniyanın prosesdə fəallaşması Bakının maraqları baxımından da önəmlidir:
 
"Ölkələrimiz aramızda əngəllər yoxdur. Almaniyada erməni diasporu da yoxdur. Fransa parlamentinin sədri Ermənistanda səfərdə olarkən Minsk qrupu formatının tək format olmadığını deməklə dolayısı ilə Bakının həmin qurumla bağlı narahatlığını nəzərə aldıqlarını bəyan edib, həm də Brüssel formatının davam etdirilməsilə bağlı İrəvan və Bakıya mesaj yollayıb. Deməli, həm Ştaynmayer, həm də Fransa parlamenti sədrinin verdikləri açıqlamalar Brüssel formatının davam etməsində Avropanın maraqlı olduğunu göstərir. Bunlar Azərbaycana yaxınlaşma tezisləridir”. 

Qeyd edək ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Telefon danışığı zamanı regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa Birliyi-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini də vurğulayıb. 

Rüfət Sultan