
UEFA tərəfindən 1 mövsümlük avrokuboklarda çıxışına qadağa qoyulmuş Bakının "İnter" klubunun İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib-etməyəcəyinə hələ ki aydınlıq gəlməyib.
Bu barədə Qaynar.info-ya klubun prezidenti Rəşad Qasımov bildirib:
"Bizim UEFA-nın qərarından yuxarı instansiyaya müraciət etmək üçün bazar ertəsinə kimi vaxtımız var. Ancaq bu günün sonunda hər şeyə aydınlıq gələ bilər".
"Bəs indiyədək İAM-a müraciət etməməyinizin səbəbi nədir" sualına isə Qasımov belə cavab verib: "Biz İsveçrədəki hüquqşünaslarla danışıqlar aparırıq. Hansı ki onlar futbol hüququ sahəsində peşəkarlardırlar. Onlardan bu məsələlərin prosedurlarını öyrənmək üçün yazışmalar aparırıq. Fikirlərini öyrənirik ki, bu kimi məsələlərdə şikayət klubun xeyrinə olub, ya yox. Bir də ki bu instansiyaya müraciət etmək üçün bizə klubun sahibi - Beynəlxalq Bankın rəhbərliyinin də qərarı lazımdır. Bu qərardan sonra biz İAM-a müraciət edə bilərik".
Qaynar.info