Xəbər lenti

Bakı Metrosunda səhv!
Ölkə07:45 14.02.2013

Bakı Metrosunda səhv!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Metro bu gün paytaxt nəqliyyatının ən çox tələbat olan nəqliyyat növüdür. Elə buna görə onun problemsiz, faydalı və səmərəli fəaliyyəti də çox vacibdir. 2008-ci ildən metronun inkişaf perspektivi ilə bağlı layihələrin işlənib hazırlanması, təsdiq olunması və bu istiqamətdə konkret addımların atılması ilə metropolitenin ən ağrılı məsələlərinin aradan qaldırılması da gündəmə gətirilib.

Hələ ötən əsrin 80-ci illərinin sonunda hələ tikinti dövründə yol verilmiş səhvin – iki xəttin bir-birindən ayrılması ilə bağlı layihələrin araşdırılmasına başlanıb. Layihə hazır olsa da, formasiya dəyişikliyi, SSRİ adlı məmləkətin dağılması, ölkədəki ictimai-siyasi, iqtisadi münasibətlər və s. üzündən bu məsələnin həlli mümkün olmayıb.

Metropolitendən az-çox anlayışı olanlar da təsdiq edər ki, qeyd edilənlərin həllində ən vacib məsələ xətlərin bir-birindən ayrılması, həm Qırmızı, həm də Yaşıl xətdə müstəqil hərəkətin təşkilidir.

Ölkə başçısının 2011-ci ilin martında imzaladığı sərəncama əsasən, 2016-cı ilə qədər "28 May" stansiyasının rekonstruksiyası çərçivəsində bu məsələ də həllini tapmalıdır. Metropoliten rəhbərliyinin ötən illərdə bu istiqamətdə apardığı işlər də yekunlaşıb. Xətlərin ayrılmasını Fransanın tikinti nəhəngi "Buiq"lə (fransızca – "Boygues") yerli "Akkord" şirkəti birlikdə həyata keçirəcəklər.

İdarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəhbəri Arif Rəsulov dünyada tikinti sahəsində, ələlxüsus da metro inşaatında böyük şirkətlərin çox olduğunu qeyd etsə də, məhz xətləri bir-birindən ayırmaq üçün "Buiq" şirkətinin böyük təcrübəsinin olduğunu qeyd edir. Onu da əlavə etmək yerinə düşər ki, "Buiq" ötən il yayın əvvəlindən Bakı metrosuna maraq göstərməyə başlayıb. Fransızlar daha çox Mavi xəttin inşasına qoşulmaq niyyətində idilər. Metropoliten rəhbəri Tağı Əhmədov şirkət təmsilçiləri ilə ilk görüşdə onların diqqətini cari və aktual məsələlərə yönəldərək, məhz xətlərin bir-birindən ayrılmasını və "Xətai-Həzi Aslanov-2" sahələrinə çəkib. Şirkətə xətlərin bir-birindən ayrılması maraqlı gəlmiş və bu işdə təcrübələri olduğunu bildirib.

Layihə sənədlərini əsas icraçı şirkətlərlə bir daha müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq və inşaatın aparılmasının əsas məqamlarını bir daha konkretləşdirmək üçün ötən həftə rəis müavini Arif Rəsulov Çexiya paytaxtı Praqada səfərdə olub.

Yeni Avstriya adlanan üsulun tətbiqi ilə aparılan inşaatın Praqada tətbiqindən danışan mütəxəssis qeyd edir ki, Bakının, xüsusən də inşaatın aparılacağı sahənin geologiyası burada fərqli yanaşma üsulunun tətbiqini qaçılmaz edir. Eyni zamanda, bu üsul tətbiq oluna biləcək iki-üç üsuldan biridir. Metod, dünya təcrübəsində olduğu kimi, jet-qrautinq, inyeksiya, anker kimi əlavə texnoloji vasitələrdən istifadə etməklə tətbiq ediləcək.

Metodun ümumi prinsipləri, tətbiqi imkanları bəlli olsa da, Arif Rəsulovun təkidi ilə layihə beynəlxalq ekspertizadan da keçiriləcək. Bu məqsədlə dünyada tanınmış 3 şirkət arasından seçim edilib. Mühəndis ekspert rəylərinin verilməsinin səlisiliyi ilə fərqlənən "Amber İnciniərinq AG" ("Amber Engineering AG") şirkətinə həvalə olunub.

"Bu rəy bizim üçün çox vacibdir. Məhz bu şirkətin qiymətləndirməsindən sonra layihənin bütün parametrləri üzrə son işlərə keçiləcək.

Tikinti işləri başlayandan sonra sonra bizi çox məsuliyyətli bir dövr gözləyir. Bütün işlər 2015-ci ilə qədər davam edəcək. Hərəkətin məhdudlaşdırılması isə yalnız son mərhələdə olacaq. Lakin yekunda metropolitendə optimal hərəkət sistemini tətbiq etmək mümkün olacaq. Beləcə, illərdir bütün işimizi əngəlləyən səbəblər aradan qaldırılmacaq" (ANS Press).

Qaynar.info