Xəbər lenti

Bakı və Tehran hərbi sahədə əməkdaşlıq edəcək? (ŞƏRH)
Siyasət 15:08 09.09.2023

Bakı və Tehran hərbi sahədə əməkdaşlıq edəcək? (ŞƏRH)

"Birgə hərbi komissiyanın iclasında regionda təhlükəsizlk məsələsi, birgə fəaliyyət sahələri müzakirə olunacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bu gün Bakıda baş tutan Azərbaycan-İran birgə hərbi komissiyasının iclasını şərh edərkən deyib: 

"Son zamanlar Azərbaycanla İran arasında hərbi sahədə də müəyyən canlanma var. Bu da Azərbaycanla İranın bəzi hərbi məsələləri birgə müzakirə etmək, sərhəd, Xəzər dənizində təhlükəsizlik, qeyri-qanuni qaçaqmalçılığa qarşı mübarizə məsələlərindən qaynaqlanır. Bu istiqamətlərdə birgə işlərin həyata keçirilməsi üçün birgə hərbi komissiyanın iclasları keçirilir”.

Ekspert bildirib ki, birgə komissiyanın məramı gələcəkdə iki ölkənin hərbi sahədə birgə iş birliyinə nail olmaq, müdafiə güclərini artırmaqdan ibarətdir:

"Bu tədbirdə həm cari, həm də gələn il üçün Azərbaycan və İran Silahlı Qüvvələri arasında hərbi müdafiə sahəsində birgə əməkdaşlığın elementləri müzakirə olunur. Birgə komissiyada İranın müdafiə nazirinin müavini də iştirak edəcək ki, bu da Tehranın həmin məsələyə böyük önəm verdiyinin göstəricisidir. Belə bir tədbir tək Müdafiə Nazirliyi ilə məhdudlaşmır. Burada Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi də təmsil olunur”. 

Həmsöhbətimizin fikrincə,yaranmış vəziyyət gələcək perspektivdə İranla Azərbaycan arasında birgə hərbi təlimlərin keçirilməsini də mümkün edə bilər:

"Birgə hərbi komissiyanın iclaslarında ilkin mərhələdə nəzəri təlimlərin müzakirəsi nəzərdə tutulur. Amma gələcəkdə onu praktiki səviyyəyə keçirmək mümkün olsa, bölük və ya tabor səviyyəsində Azərbaycanla İran arasında birgə hərbi təlimlərin keçirilməsi də mümkündür”. 

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilir. Bu gün həmçinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->