
Binəqədi Rayon Sulutəpə qəsəbə sakini Nahid Sadıqovun (adlar şərtidi) arvadı və iki azyaşlı qızını naməlum şəxslər oğurlayıb. Ailə başçısı 8 gündür onlar barədə məlumat əldə edə bilmir.
Bu barədə Axar.az-a məlumat verən hüquq müdafiəçisi Səməd Vəkilov müvəkkilinin Binəqədi rayon 40-cı Polis Bölməsinə müraciət etdiyini deyib:
“Bölmədə işi araşdıran polis əməkdaşı, baş leytenant Ruslan Dəmirçiyev bu işin mülki xarakterli olduğuna görə mülki qaydada araşdırmalı olduğu bildirdi. R.Dəmirçiyev bunu yoxa çıxan xanımın anasına zəng vuraraq, ərini istəmədiyi üçün könüllü olaraq başqasına qoşulub getməsi ilə izah etdi”.
Anasıgilə gedən gəlindən xəbər yoxdur
Hadisənin təfərrüatları barədə məlumat verən S.Vəkilov bildirib ki, iyunun 16-da, saat 14:00 radələrində N.Sadıqovun arvadı Gültac Rəcəbova Müşfiq qəsəbəsində yaşayan anasıgilə getmək adı ilə evdən çıxıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb:
“Polis bölməsində işə laqeyd münasibət bəslədiklərini görən N.Sadıqov “102” xidmətinə zəng vuraraq, bu barədə məlumat verib. Bundan sonra Binəqədi rayon 40-ci Polis Bölməsindən ona arvadının könüllü getməsi barədə məlumat versələr də, haraya və kiminlə getməsi barədə heç bir söz deməyiblər”.
Polis narahatçılığa əsas olmadığını deyir, amma...
Məsələnin araşdırılması ilə əlaqədar 40-cı Polis Bölməsində olduğunu deyən S.Vəkilov polisin işi mülki xarakterli kimi dəyərləndirməsinə heç bir əsasının olmadığını deyib:
“Polis əməkdaşına iki azyaşlı qız uşağının yerinin məlum olmadığını, ümumiyyətlə, onların həyatlarının təhlükədə olma ehtimalını izah etməyə çalışdım. Ana və uşaqlar eyni zamanda insan alveri qurbanına çevrilə bilərlər. Lakin polis əməkdaşı naməlum istiqamətdə aparılmış və hazırda yeri bilnməyən Gültac Rəcəbovanın anasının izahatını rəhbər tutaraq, narahatlıq üçün heç bir əsas olmadığını bildirdi”.
Polisin öz vəzifəsini yerinə yetirmək istəmədiyini görən hüquq müdafiəçisi təmsil etdiyi şəxslə birgə işin ciddi nəzarətə götürülməsi üçün Daxili İşlər naziri Ramil Usubova müraciət edib:
“Biz cənab nazirə müraciət edərək bu işi nəzarətə götürməsini, iki azyaşlı körpəsi ilə birgə itkin düşən qadının kimlər tərəfindən oğurlanmasına aydınlıq gətirilməsi üçün göstəriş verməsini xahiş etdik. Eyni zamanda, işə biganə yanaşan polis əməkdaşlarının və təqsirkar şəxslərin cəzalandırılmasını istəmişik”.