Bakı Apelyasiya Məhkəməsində arvadını öldürməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz kənd sakini Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Dilavər Əhmədovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.
Qeyd edək ki, Dilavər Əhmədov 2003-cü il noyabr ayında Səbail rayonu polis bölməsində polis vəzifəsinə işə düzəlib. 2004-cü ildə isə köçürmə yolu ilə Binəqədi rayon polis idarəsinə polis nəfəri vəzifəsinə keçirilib. 2011-ci ildə daxili çanaq pozğunluğu diaqnozu ilə təqaüdə çıxıb.
Onu da qeyd edək ki, Dilavər Əhmədov 2 may 2014-cü il tarixdə, saat 12.00-da ailə üzvləri ilə birlikdə kirayənişin yaşadığı Yasamal rayonu, H.B.Zərdabi küçəsindəki evdə həyat yoldaşı Gövhər Əhmədova ilə mübahisə edib. Gövhər özünə və uşaqlarına məxsus paltarlarını yığaraq atası evinə getmək istəyib.
Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Dilavər onun getməsinin qarşısını almağa çalışıb. Lakin Gövhər Əhmədova təkidlə evdən gedəcəyini və uşaqları da özü ilə aparacağını bildirib. Gövhər Əhmədova həmin vaxt ərini nalayiq sözlərlə təhqir edib. Bu zaman Dilavər həyat yoldaşını öldürmək qərarına gəlib. O, Gövhər Əhmədovanı evin qonaq otağındakı kreslonun üstündə oturduraraq hər iki əli ilə boğazından tutaraq boğub. Həmin vaxt Gövhər boğulma nəticəsində ölüb. İlkin istintaq araşdırması zamanı məlum olub ki, üç uşaq anası olan Gövhər Əhmədova bir müddət əvvəl “Odnoklassniki”də bir kişi ilə tanış olub.
Həmin kişi Gövhərin keçmiş sevgilisi olub. Sosial şəbəkədə yenidən sevgilisini tapan kişi Gövhərlə münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov bu məsələdən xəbər tutub. Əvvəllər ər-arvad arasında mübahisə olmayıb. Sonradan da mübahisə bunun üstündə düşüb. Dilavər arvadını xəyanət üstündə boğaraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dilavər Əhmədovun barəsində 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Dilavər Əhmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
Qaynar.info