İdman 17:16 28.05.2022

Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi (FOTOLAR)

Bu gün Bakıda Atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Açılışı Azərbaycan Gənclər və İdman nazirin müavini Mariana Vasilyeva edib. Vasilyeva Azərbaycana gələn qonaqları salamlayaraq, ölkədə atıcılıq idman növünə marağın olduğunu bildirib və bu mötəbər yarışın Bakıda keçirilməsindən qürur duyduğunu qeyd edib. Nazir müavini bu günün Azərbaycanın Müstəqillik Günü olduğunu da vurğulayaraq, bu vacib bayramda ölkəmizdə olduqlarına görə iştirakçılara təşəkkürünü bildirib. Mariana Vasilyeva bu gün müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan Zemfira Meftahətdinovanın doğum günü olduğunu bildirərək, onu təbrik edib.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış iştirakçılarına uğur arzulayıb. 

Beynəlxalq Atıcılıq İdman Federasiyasının prezidenti Vladimir Lisin Dünya Kubokunun Bakıda keçirilməsinin Azərbaycan Respublikası Prezidentinin ölkə idmanına diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. "Biz bilirik ki, atıcılıq idman növünə ölkədə marağın olması böyük zəhmətin və diqqətin nəticəsidir” -deyən Federasiya prezidenti Gənclər və İdman nazirinə, Azərbaycan Atıcılıq Federasiyasının prezidentinə turnirin təşkilinə görə təşəkkür edib.

Tədbirin rəsmi açılışı mərasimindən sonra Dünya Kubokunun seçmə mərhələ atışları keçirilib. 29 may-7 iyun tarixləri arasında final yarışları baş tutacaq.

Səbuhi Həsənov