Xəbər lenti

Bakıda avropasayağı bir ilkə imza atan Qarabağ qazisi cərimələndi: "Çəlləkdə tonqal..."
Ölkə05:49 09.06.2022

Bakıda avropasayağı bir ilkə imza atan Qarabağ qazisi cərimələndi: "Çəlləkdə tonqal..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ veteran, ikinci qrup Qarabağ əlili, istefada olan zabit Şamil Əmirli xəbəri olmadan məhkəmə tərəfindən 300 manat çərimələnib.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Şamil Əmirlinin sözlərinə görə, buna səbəb onun "çəlləkdə zibil yandırması"dır:
"Bir neçə aydır ki, küçədə satıcısız yumurta satışı xidməti ilə məşğulduq. Biz bu işə başlayandan öz tədbirlərimizi də görürdük. Ətrafın təmizlənməsi, dizenfeksiya məsələsi və s. Ancaq buna baxmayaraq bir nəfər qonşu bizdən Ekologiya İdarəsinə şikayət edib. İdarədən gəlib, müəyyən ölçülər götürdülər və ərazinin norma daxilində olduğu haqqında protokol tərtib etdilər. Yəqin, gələn üç nəfər məmurun içərisində nisbətən cavan olanın qəlbində nə isə umacağı olub. Hər şeydən əli üzüləndən sonra, güya içərisində zibil yandırdığımız çəlləyə "iliş”ib”.
Şamil Əmirli bildirir ki, idarə nümayəndələri gedəndən sonra birtərəfli qaydada inzibati tənbeh vermə haqqında məhkəməyə müraciət ediblər:
"Abşeron rayon Məhkəmə qərarlarının İcrası şöbəsindən bildiriş gəlib və məni 300 manat cərimə ediblər. Bu, necə olur, başa düşmək çətindir. Xəbərim olmadan məni cərimələyirlər və məhkəmə də mənə heç bildiriş də göndərmir. Görünür, bizim ölkədə, dürüst işləməyin də bizim başa düşmədiyimiz nəsnələri var”.
Qarabağ əlili deyir ki, bir neçə ay bundan qabaq respublikamızda oxucuların marağına səbəb olmuş, küçədə satıcısız yumurta satışı xidməti bu gündən etibarən və ondan asılı olmayan səbəblərdən fəaliyyətini dayandırır:
"Buna görə də bizə inanan və bu xidmətdən mütamadi istifadə edən vətəndsşlarımızdan da üzr istəyirik. Bu işdə bizim yalnız bir qazancımız oldu. Bir daha əmin olduq ki, xalqımız doğurdan da böyük xalqdır və onlara güvənmək olar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Xəzər rayonu, Albalılıq qəsəbəsində tullantıların atılması və yandırılaraq ətrafa iy-qoxunun yayılması ilə bağlı Nazirliyin qaynar xəttinə 2021-ci ilin sentyabrın əvvəlində daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb:
"Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, aparılan araşdırma zamanı vətəndaş Şamil Əmirli tərəfindən ona məxsus həyətyanı sahədə formalaşan tullantıların yaxınlıqda yerləşən dəmir çəlləyə toplanaraq yandırıldığı və ətrafa kəskin qoxunun yayıldığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu Ş.Əmirli barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə əsasən protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.
V.Cavadovun sözlərinə görə, qanun pozucusu öz yazılı izahatında tullantıların bir də yandırılmayacağına söz verib.

Əmirli Şamil isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cavabı ilə razılaşmadığını bildirib:

 

"Qonşu şikayət edib ki, Əmirli Şamilin təsərrüfatında xoruzlar səs salır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 3 nəfər nümayəndə gəldi, baxdılar və akt tərtib etdilər. Həmin aktın biri məndə, digəri qonşudadır. Aktda hər şey norma daxilində olduğu deyilir. Həyətdə çəllək vardı. Həmin çəlləkdə nə vaxtsa, nəsə yandırılmışdı. Həmin anda çəlləkdə heç nə yanmırdı. Nümayəndələrdən biri həmin anda dedi: "Siz burada ekologiyanı korlayırsınız”. Bu məni çox əsəbiləşdirdi".

Bahar Rüstəmli