Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.
Qaynarinfo-nun xəbərinə görə, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən "Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.
Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova açıqlamasında bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub. Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib.
Qeyd edək ki, bu barədə ilk məlumatı qafqazinfo yayıb.