Xəbər lenti

Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır (FOTO)
Ekonomiks17:14 21.08.2026

Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda paytaxt Bakıda satılan ən bahalı mənzil Neftçilər prospektində, Dənizkənarı parkın yaxınlığındakı 9 mərtəbəli binada yerləşir.

Yeniavaz.com daşınmaz əmlak alanların və satanların ən çox müraciət etdikləri ixtisaslaşmış elan saytlarına istinadən xəbər verir ki, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 5 otaqlı mənzilin sahəsi 150 kv. metrə bərabərdir.

Mənzilin satış qiyməti isə 10 milyon manat təşkil edir. Təmirli vəziyyətdə olan bu mənzilin 1 kv. metri 66 min 670 manata satışa çıxarılıb.

Paytaxt ərazisində 10 milyon manata satılan daha bir mənzil Neftçilər prospektində yerləşən “Port Baku Residence”dədir. 32 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən 9 otaqlı mənzilin sahəsi 1 050 kv. metrə bərabərdir. 350 kv. metr açıq terrası olan bu mənzilin 1 kv. metri 9 min 520 manata satılır.

Bakıda satışa çıxarılan 3-cü ən bahalı mənzilin qiyməti isə 7 milyon 968 min 750 manat təşkil edir. Mənzil Neftçilər prospektindəki “Crescent Residences”də yerləşir. 33 mərtəbəli binanın 28-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin sahəsi 375 kv. metrə bərabərdir. Mənzilin 1 kv. metri 21 min 250 manata satışa çıxarılıb.

Paytaxt ərazisində satışda olan ən ucuz mənzil isə Səbail rayonunda “20-ci sahə” adlandırılan ərazidə, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. 48 kv. metr sahəsi olan orta təmirli mənzilin satış qiyməti 30 min 500 manat təşkil edir. Bu mənzilin 1 kv. metri 640 manat təşkil edir və mənzilin “kupçası” yoxdur.

Ucuz mənzillərdən biri də Binəqədi qəsəbəsində yerləşir. Yeni tikilən 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 33 kv. metr sahəsi olan 1 otaqlı təmirsiz mənzilin satış qiyməti 33 min manat təşkil edir. Bu mənzilin 1 kv. metri 1 000 manata bərabərdir. Digər mənzil kimi, bu mənzilin də “kupçası” yoxdur.

“Kupça”sı olan ən ucuz mənzil isə Bakıxanov qəsəbəsində yerləşir. 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzilin sahəsi 23 kv. metr təşkil edir. Satış qiyməti isə 40 min manatdır (1 kv. metr 1 740 manat).

Daha bir “kupçalı” mənzil 8 Noyabr metro stansiyasına yaxın, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 11 kv. metr olan 1 otaqlı mənzil əvvəllər yataqxana kimi istifadə olunan binadadır. Mənzilin satış qiyməti 39 min manatdır (1 kv. metri 3 min 550 manat).