"Dünyada olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak bazarı tələb və təklif prinsipi əsasında formalaşır”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Anar Nəsirov deyib.
Ekspert bildirib ki, tələbatın yüksək olduğu ərazilərdə qiymət artımı qaçılmazdır:
"Məsələn, hər hansı bir ərazi alıcıların marağını cəlb etməzsə, satışa çıxarılan evlərin sayı artdıqca qiymətlər aşağı düşməyə başlayacaq. Azərbaycan əmlak bazarı tələb və təklif prinsipi əsasında fəaliyyət göstərdiyi üçün hesab edirəm ki, yol infrastrukturunun yaxşılaşdırılması həmin ərazilərdə daşınmaz əmlakın qiymətlərinə də müsbət təsir göstərəcək. Bu isə həm qiymətlərin, həm də tələbatın artmasına səbəb olacaq".
Anar Nəsirovun sözlərinə görə, Bakının bəzi rayonlarında və paytaxta yaxın ərazilərdə həyata keçirilən yeni infrastruktur layihələri istər-istəməz həmin ərazilərdəki fərdi yaşayış evlərinin, çoxmənzilli binalardakı mənzillərin və torpaq sahələrinin qiymətlərinə təsir göstərəcək:
"Əvvəllər nəqliyyat çətinliklərinə görə insanlar həmin ərazilərə maraq göstərmirdilər. Yol infrastrukturu yaxşılaşdıqdan və nəqliyyat problemləri aradan qalxdıqdan sonra isə bu ərazilərdəki evlər və torpaq sahələri alıcıların diqqət mərkəzinə düşür. Digər tərəfdən, Hövsan və ona bitişik kənd və qəsəbələr dənizə yaxın yerləşdiyindən abadlıq işləri aparıldıqca həmin ərazilərə tələbat da artır. Gediş-gəlişin rahatlaşması turistlərin də bu istiqamətlərə marağını artıracaq. Bu isə insanların həmin ərazilərdə əmlak və torpaq almasına, eləcə də daimi məskunlaşmasına təkan verəcək".
Ekspert əlavə edib ki, yerləşdiyi ərazidən asılı olmayaraq, metro, tramvay və dəmir yolu xətlərinin çəkildiyi, eləcə də yol infrastrukturunun genişləndirildiyi ərazilərdə daşınmaz əmlakın qiyməti adətən yüksəlir:
"Bütün bunlar tələbatın artmasına səbəb olur və nəticədə əmlakın qiyməti yüksəlir".
Bahar Rüstəmli
Şərhlər