
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda həbsdə olan digər Rusiya vətəndaşı Marat Ueldanov (Qalustyan) ətrafında yaranan vəziyyətə münasibət bildirib.
APA-nın verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova M. Ueldanovun istintaqının davam etdiyini söyləyib: "O, əvvəlki kimi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. Rusiyanın Azərbaycandakı səfirliyinə daxil olan məlumata görə, Marat Ueldanovun saxlanma şəraiti Avropa standartlarına cavab verir. Ueldanovun sağlamlıq vəziyyəti ümumilikdə qənaətbəxşdir. Onun səhhətinin pisləşdiyi barədə bir çox məlumat yayılıb, ona görə də biz xüsusi olaraq bu məlumatları yoxladıq. Yazılanlar doğru deyil. Rusiya vətəndaşı tibbi yardım alır. Əlimizdə bunları təsdiq edən materiallar var. Vətəndaş Ueldanova dövlət tərəfindən vəkil təyin olunub. İlkin istintaq zamanı o, özü bu vəkili seçib”.
M. Zaxarova qeyd edib ki, Azərbaycan tərəfi ilə bu məsələyə dair müxtəlif səviyyələrdə danışıqlar aparılır: “Bakıdakı Rusiya səfirliyinə bu məsələni xüsusi nəzarətdə saxlamaq və yeni məqamlar barədə dərhal məlumat vermək tapşırılıb. Nəzərinizə bir məqamı da çatdırmaq istəyirəm ki, səfirliyimizin əməkdaşlarının indiyədək Ueldanova baş çəkməməsi ilə bağlı məlumatlar da yalandır. Rusiya səfirliyinin əməkdaşları vətəndaş Ueldanova iki dəfə baş çəkiblər: ötən il iyulun 28-də və dekabrın 16-da. Axırıncı görüş iki saat çəkib. Növbəti görüşə hazırlıq gedir. Xahiş edirik ki, bu məsələnin həssaslığını nəzərə alaraq doğru olmayan məlumatı yaymamaqdan ötrü bizimlə əlaqə saxlayasınız".
Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.
Avstriyanın Do&co şirkətinin əməkdaşı olan Ueldanov Bakıda keçirilən "Formula 1" yarışları zamanı qida təşkili məsələləri ilə məşğul olub.
Bacısı bildirib ki, Marat 1982-ci ildə Bakıda anadan olub: "Pasportuna erməni soyadı yox, həyat yoldaşının soyadı yazılıb. O, 2015-ci ilin martında Birinci Avropa Oyunlarında çalışıb. 2016-cı il iyunun 6-da çalışdığı Do&co şirkəti vasitəsilə Bakıya göndərilib. Bakıya gələndən sonra onunla əlaqə qurmaq mümükün olmayıb" - deyə bacısı bildirib.
Sonradan məlum olub ki, iyunun 9-da Marat və iş yoldaşı Yelena Makarenko həbs olunub. 15 gündən sonra Yelenanı saxlanma təcridxanasından azad ediblər və o, Moskvaya qayıdıb.
Qaynarinfo.Az