Ölkə 18:05 27.09.2022

Bakıda içkili şəxs atla parka girdi, məhkəmə qərar verdi

Bakıda insanların istirahəti üçün nəzərdə tutulan parka içkili halda atla girən şəxslə bağlı qərar verilib. 

Qaynarinfo-nun məlumatına görə, Əlahiddə Çevik Polis Alayının 10-cu patrul bölüyünün əməkdaşları məhkəmədə ifadə veriblər.  

Bildiriblər ki, 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən parkda 9696 çağırışlı avtopatrulda xidmət apararkən, bir nəfərin parkın içərisində insanların istirahəti üçün nəzərdə tutulmuş ərazidə atla hərəkət etdiyini görüblər. Bu hərəkətin insanların istirahətinə mane yaratdığı və uşaqların qorxusuna səbəb olduğu üçün həmin şəxsə yaxınlaşaraq, atdan düşüb, parkı tərk etməsini tələb ediblər.

Buna baxmayaraq, sonradan şəxsiyyəti müəyyənləşdirilən, həmin vaxt sərxoş vəziyyətdə olan vətəndaş Zaman Həsənov (ad-soyad şərtidir) onların qanuni tələbinə tabe olmayıb, atdan düşərək polislərin üzərinə gəlib və "siz kimsiniz ki, mənə parka girməyə icazə vermirsiz?" deyib, nalayiq ifadələrlə təhqir edib.

Sentyabrın 20-si, saat 00.45 radələrində saxlanılan təqsirləndirilən şəxs məhkəmə ifadəsində bildirib ki, spirtli içki qəbul etdikdən sonra dostuna məxsus atla parkın kənarı ilə hərəkət edirmiş. O, parkın aşağı tərəfində dayanarkən polis əməkdaşları yaxınlaşaraq, atla parka girdiyini deyiblər. O isə atla parka girmədiyini deyərək polis əməkdaşlarına etiraz edib. Bu zaman polislər onu zorla xidməti avtomobilə əyləşdirərək, 10-cu Polis Bölməsinə aparıblar.

Məhkəmənin hökmü ilə Zaman Həsənov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 manat məbləğində cərimə edilib.

Əhməd