Ölkə 17:05 18.10.2022

Bakıda məmur sürücüsünün də iştirak etdiyi qəzayla bağlı qərar verildi (FOTO)

Ötən ilin dekabr ayının 2-si, səhər saat 7.00 radələrində Bibiheybət məscidinin yaxınlığında piyadanın ölümü ilə nəticələnən qəza ilə bağlı məhkəmə prossesi keçirilib. 

Qaynarinfo-nun məlumatına görə, məhkəmə prossesində məlum olub ki, hadisə zamanı həyatını itirən 47 yaşlı Əliyev Məzahir Ziyad oğlu məscidin yaxınlığında yerləşən obyektdə çilingər işləyirmiş. O, səhər saatlarında iş yoldaşları ilə yolu keçərkən hadisə baş verib. 

"Bakı Dərin Özüllər” zavodunda yerləşən "Saipem" şirkətində layihələrin çəkilişi ilə məşğul olan Fariz Məmmədov idarə etdiyi "Nissan X-Trail” markalı 90-SB-966 dövlət nişanlı avtomobillə törədib. Belə ki, Fariz Məmmədov avtomobillə səhər saat 7.00 radələrində Bakı-Qazax yolu ilə Bibiheybət məscidi istiqamətdə 70 km/saat sürətlə hərəkət edərkən, sağ tərəfdən üç nəfərin yolu keçdiyini görüb. Onları vurmamaq üçün maşını saxlamaq məqsədi ilə əyləcdən istifadə etsə də, onlardan biri yolu keçməyə davam edib və piyadanı maşının qabaq sol tərəfi ilə vurub. Bu zaman piyada əks istiqamətdə gələn qara rəngli BMW markalı, "AA” nömrə nişanlı avtomobilə dəyərək yolun əks tərəfinə düşüb. 

O da məlum olub ki, "BMW 740” markalı, 10-AA-659 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 2 il ildir Dövlət Neft Fondunda çalışan yüksək vəzifəli şəxsin sürücü işləyib.
 


Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli bilinib. O, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.
 
Əhməd