
Azərbaycan Avropa Hərəkatı 9 may 2013-cü ildə "Avropa günü" münasibəti ilə Dənizkənarı Milli Parkda "Avropa günü düzülüşü!" adlı tədbir keçirəcək.
Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, təşkil olunan "Avropa günü düzülüşü!" tədbiri dəyərlərin nümayişindən ibarət olacaq. Hərəkat tədbirlə bağlı rəsmi müraciət yayıb. Müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycanımız dünyanın ən öndə olan qitəsinin bir parçasıdır. Bu qitəni öncül edən onun sahib çıxdığı dəyərlərdir. O dəyərlər ki, hər bir insan onları doğuşdan qazanır. Biz doğuşdan qazandığımız bu dəyərlərə sahib çıxmaqla şəxsiyyət oluruq.
Hər kəsi 9 May, saat 19:00-dan 19:30-dək, bizi şəxsiyyət edən dəyərlər ətrafında birləşməyə çağırırıq. Birləşmə məkanı "Azneft" dairəsində ucaldılan bayrağın ətrafıdır.
Azərbaycan Avropa Hərəkatı tərəfindən təşkil olunan "Avropa günü düzülüşü!" tədbiri dəyərlərin nümayişindən ibarət olacaq.
Dənizkənarı Millli Park boyunca arxamız sərhədsiz dənizə, üzümüz şəxsiyyət olmağa layiq olan vətəndaşlarımıza, əlimizdə Avropa dəyərləri yazılmış şüarlar tutaraq, çiyin-çiyinə düzülüş təşkil edəcəyik.
Sözümüz əlimizdəki şüarlar, fikrimiz dəyərlərə sadiqlikdir. Bu səbəbdən də səsli şüarlar səsləndirmədən çiyin-çiyinə düzülüşlə sözümüzü və fikrimizi hər kəsə bəyan edəcəyik.
Şüarlar Azərbaycan Avropa Hərəkatı tərəfindən hazırlanıb və əlavə plakatlar gətirməməyinizi xahiş edirik".
Qaynar.info