Martın 2-də Bakının Nizami rayonunda tikinti işləri gedən binada uçqun baş verib. Hadisə “8-ci kilometr” bazarının (“Vosmoy bazarı”) arxasında, Nizami Rayon Hərbi Komissarlığının binasının yaxınlığında olub. Uçqun baş verən zaman fəhlələr iş başında olublar.
Qaynar.info xəər verir ki, musavat.com-un əməkdaşlarının hadisə yerində olduğu zaman uçan binada iş gedirmi. Axşam saatları olmasına baxmayaraq, fəhlələr 4 mərtəbəli olması planlaşdırılan binanın çökən ikinci mərtəbəsinin bərpası üçün böyük səylə çalışır.
Onların fikirlərini almağa çalışsaq da, bu, mümkün olmayıb. Fəhlələr danışmaqdan boyun qaçırıb. Ətrafda xilasedicilər də gözə çarpmayıb.
Sakinlər isə hadisənin günorta saatlarında baş verdiyini söyləyib. Onlar əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedici qruplarının gəldiyini və hadisə yerindən axşamtərəfi getdiklərini bildiriblər.
Apardığımız müşahidələr zamanı hadisənin tikilən binanın ikinci mərtəbəsinin betonun ağırlığına tab gətirməməsi nəticəsində baş verdiyi məlum olub.
Ətraf ərazidə yaşayan sakinlər tikinti işləri ilə məşğul olan qurumların insanların həyatına biganə olmalarından şikayətləniblər. Onlar qeyd ediblər ki, binanın tikintisi iki ilə yaxındır ki, davam edir. Böyük hasara alınan ərazidə yan-yana 4 binanın tikintisi nəzərdə tutulur. Uçqun baş verən binanın 2-ci, digərlərinin isə, 1-ci mərtəbəsində tikinti işləri aparılır.
Hadisə baş verən vaxt fəhlələr iş başında olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Buna əsas səbəb kimi isə fəhlələrin həmin vaxt nahar fasiləsində olması göstərilir.
Sonda onu qeyd edək ki, tikinti işlərinə rəhbərlik edən şəxsin baş verən hadisəyə münasibətini öyrənməyə çalışsaq da, o, üzə çıxmadı.
Qaynar.info