
Digər qapalı Şərq cəmiyyətlərindən fərqli olaraq, həqiqətən də Azərbaycan toplumu həmişə özünün fərqliliyə dözümü, tolerantlığı ilə seçilib. Bu, tez-tez vurğulanır, insanların diqqətinə çatdırılır. Bu, lovğalıq, gözə kül üfürmək deyil.
Tarix göstərir ki, Azərbaycan cəmiyyəti öz proqressivliyi, yeniliyə meyilliyi ilə hər zaman seçilib. Azərbaycan insanının xüsusi tarixi anlarda əlinə fürsət düşən kimi inkişafa, modernliyə can atması da buna sübutudur. Bu, bizim üstünlüyümüzdür. Neqativ şeyləri vurğulamaq, özünütənqid cəmiyyəti nə qədər irəli aparırsa, xoş şeylərdən, üstünlüklərdən danışmaq da insanlara əlavə ruh yüksəkliyi, mənəvi rahatlıq bəxş edir. Tarixdə baş verən xoş hadisələr də tez-tez insanlara nümunə kimi göstərilməlidir. Nümunələr insanlarda əminlik və düzgün yola sadiqlik kimi üstünlüklər qazandırır.
Təbii ki, problemlər çoxdur, gənc və enerjili cəmiyyət kimi Azərbaycan hələ çox uzun yol qət eləməlidir. Amma əsas olan bunun üçün münbit şəraitin olmasıdır.
Yazının başlığında göründüyü kimi, burada söhbət homoseksuallığa münasibətdən gedəcək.
"Azərbaycanlılar homoseksuallığa çox gözəl münasibət sərgiləyirlər", ya da "Azərbaycanda homoseksuallığa qətiyyən dözüm yoxdur" - məsələyə belə iki tamamilə fərqli prizmadan yanaşmaq səhv olardı. Çünki bunların ikisi də yanlış fikirdi. Çöldə, bayırda, tədbirdə, mərasimdə homoseksualların heç də ciddi ayrı-seçkiliyə məruz qalmadığını görürük. Ölkənin şou-biznesində, ictimai-mədəni həyatında hamının çox yaxşı tanıdığı kifayət qədər homoseksual var və onlar özlərini rahat şəkildə cəmiyyət içində ifadə edirlər. Düzdür, onların özlərini belə rahat hiss eləməsində başqa bir çox amillər də rol oynayır, ancaq hər halda yenə də onları vuran-yıxan-işgəncə verən-öldürən yoxdur. Nəzərə almaq lazımdır ki, belə rahatlığı Şərqin demək olar əksər qapalı, mühafizəkar toplumları ağıllarına sığışdıra bilməzlər. Amma bununla belə təbii ki, Azərbaycanda homoseksuallığa tamamilə müsbət yanaşma da yoxdur.
Son dövrlərdə cəmiyyətdə homoseksuallığa qarşı münasibət biraz tünd xarakter almağa başlayıb. Bu yazıda elə bundan bəhs ediləcək.
Həmişə cəmiyyəti qınamaq düzgün deyil. Tərəflərin hamısına eyni müstəvidən yanaşmaq lazımdı. Bunu ədalət tələb edir.
Konkret olsaq, Azərbaycan cəmiyyətində insanların homoseksuallığa qarşı münasibətində aqressivlik müşahidə olunursa, buna səbəbkar kimi bəzi homoseksulları da göstərmək lazımdı.
İnsan dünyanı gözləriylə görür, insan həm də gözləriylə görüb-götürür, nəticə çıxarır. Bakının mərkəzində gəzişəndə diqqət edin. Tarqovuda əzilə-büzülə o tərəfə -bu tərəfə gəzərək, hər vəchlə özlərinin homoseksual olduğunu gözə soxmağa çalışan xeyli sayda gənc var. Onlar ətrafdakılara atmaca atmağı, kobudluq etməyi, insanların istirahətini pozmağı da özlərinə rəva bilirlər. Televiziyalarda, radiolarda vulqar, nazlı-işvəli, parlaq homoseksuallar efirlərdən düşmürlər. Xəbər saytlarında biz tez-tez onların açıq-saçıq əyləncə partilərində əyləndiyini göstərən şəkilləri görürük. Bütün bunları görəndə isə, insanlarda belə bir əminlik yaranır ki, homoseksuallıq elə budur - vulqarlıq, açıq-saçıqlıq, bütün sərhədləri, əndazəni aşmaq. Azərbaycanda insanların homoseksuallıqla bağlı fikirlərinin formalaşmasında bir vaxtların "Tbilisi prospekti" də öz rolunu oynayıb.
Azərbaycanda özünüifadə problemi homoseksuallar arasında da özünü göstərir. Homoseksuallıq təbii ki, yuxarıda sadalanan mənfi keyfiyyətlər deyil. Əgər Azərbaycanda homoseksuallıq belə qəbul edilirsə, bunun ən əsas günahkarları həm də bəzi homoseksuallardı. Əgər biz küçədə gəzəndə, televiziyaya baxanda, bəzi kişilər və qadınlar danışıqları, davranışları ilə "MƏN KİŞİYƏM", "MƏN QADINAM" deyə bağırsalar, hamı təəccüblənər ki, gözüm aydın, neynəyim kişisən, qadınsan, boynuma minməyəcəksən ki! Bu məsələni həm də bəzi homoseksuallar nəzərə almalıdır. Sivil, mədəni ölkələrdə hər kəs öz həyatını yaşayır, sivil, mədəni homoseksual açıq-saçıq, vulqar, əndazəni aşan hərəkətlərlə özünün cinsini vurğulamağa çalışmır. O cəmiyyət arasında normal insan kimi öz şəxsi həyatını yaşayır. Onun necə həyat yaşamasının başqalarına aidiyyatı yoxdur, başqalarını da onun kiminlə, harda və necə həyat cinsi həyat yaşaması maraqlandırmır. Hər şey bu qədər sadədir.
Problem varsa, bu, mədəniyyət və intellekt azlığından qaynaqlana bilər.
İnsanın öz hüquqlarını tələb etməsi çox normal haldır, amma incə detal budur ki, bunu necə və hansı yolla ifadə edirsən.
Ən önəmli məsələ bütün sahələrdə olduğu kimi özünü ifadə etmək məsələsidir, bəzən bütün problemlərin kökündə insanın özünü düzgün ifadə eləməməsi rol oynayır... (365.az)
Qaynar.info