“The İndependent” qəzetinin müxbiri Robert Fisk-in həftəsonu dərc edilmiş məqaləsi “ABŞ-ın erməni soyqırımını tanıması vaxtıdır” adlandır.
Fisk diqqəti belə bir məqama çəkir ki, son vaxtlar “soyqırım” sözü bir çox qətliamlara şamil edilib. Bunlar yezidilər, xristianlar və şiə müsəlmanlardır…
Bundan sonra müəllif rəqəmlərə keçir və yazır ki, “ola bilsin, İŞİD 10 min, bəlkə də 100 min yezidini, xristianı qətliam edib...”
Yezidiləri də türklər?
“Amma burada bir problem var, - yazır Fisk, - Bu qətliamlar elə bir torpaqda, elə bir səhrada törədilib ki, burada yüzcə il əvvəl milyon yarım erməninin türklər tərəfindən başları çapılıb, xəncərlənib və güllələnib, qadınları zorlanıb, Anadolu sularına o qədər kişi meyiti atılıb ki, çaylar məcrasını dəyişib”.
Robert Fisk erməni soyqırımın tanınmasına mane olan məqamlara kinayəli şəkildə toxunaraq yazır ki, Türkiyə “bizim NATO müttəfiqimizdir”, indi isə “müsəlman qaçqınlara qarşı qalamızdır, bir vaxtlar onlara erməni qətliamlarında müttəfiq olan kürdlər isə İŞİD-ə qarşı döyüşən silahdaşlarımızdır”.
Veteran jurnalist bu qənaətdədir ki, İraq şiələrinin qətliam edilməsinin Obama administrasiyası tərəfindən “soyqırım” kimi təqdim olunması İranın nüvə sazişini imzalaması ilə bağlıdır.
Robert Fisk, hətta yezidilərin qətliamını da Türkiyə ilə bağlayır. O yazır ki, "yezidilər ilk dəfə 1892-ci ildə Sultan 2-ci Əbdülhəmidin vaxtında soyqırım edilib və hətta onların da arasında yüz minlərlə erməni olub".
Nə Clinton-dan bir şey çıxacaq, nə də Trump-dan
Məqalədə ABŞ-ın dövlət katibi John Kerry xüsusilə sərt tənqid olunur.
“Yezidilərin qətiliamını soyqırım adlandıran Kerry, niyə 20-ci əsrdə ermənilərin soyqırımını tanımaq istəmir?” – deyə sual edir Fisk.
Fisk yazır ki, “erməni soyqırımı” məsələsində Clinton-dan da kar aşmayacaq, çünki o, əvvəllər bu barədə tez-tez söz açsa da, Obamanın dövlət katibi olan kimi bu məsələnin “tarixi debat mövzusu” olduğunu bəyan edib.
Robert Fisk erməni soyqırımı məsələsində respublikaçıların namizədi Donald Trump-a da bel bağlaya bilmir, çünki o, “erməni soyqırımını tanımayan Azərbaycanda “Trump Hotel” tikib”.
Məqalədə deyilir ki, “erməni soyqırımı” indiyədək dünyanın 29 hökuməti və parlamenti tərəfindən tanınıb, amma Amerika tərəfindən yox.
İncirlik bazası ermənilərdən oğurlanıb?
Robert Fisk vurğulayır ki, “The İndependent” qəzeti 20 ildir “erməni holokostu” ifadəsindəki “h”-nı böyük hərflə yazır (Bu da qeyd olunmalıdır ki, “The İndependent” qəzetində son iyirmi ildə “erməni soyqırımı” haqqında əksər yazıların müəllifi Robert Fisk olub).
Məqalədə Vladimir Putinə də toxunulur. Fisk yazır ki, “ötən il, hələ Suxoy təyyarəsi türklər tərəfindən vurulmayan vaxtlarda” Putin Yerevana – xatirə mərasiminə getmiş və “türkləri hiddətləndirərək soyqırımı tarixi fakt adlandırmışdı”.
Jurnalist “amma həmin vaxt Vaşinqtonda gizlənən Obamanı öz NATO müttəfiqini hirsləndirməkdən qorxmaqda” ittiham edir.
Fisk iddia edir ki, ABŞ-ın İŞİD-ə qarşı mübarizədə təyyarələrinin yerləşdirilməsi üçün istifadə etdiyi “torpaq da qətl edilmiş ermənilərdən oğurlanıb”.
Robert Fisk yazır ki, “indi də Avropaya gələn qaçqınların qarşısının alınması üçün Türkiyəyə verilən 75 milyon viza ermənilərin 1915-ci ildən qalma kütləvi məzarlıqlarını örtülü saxlamaq üçün kifayət edər”.
“İnanmasınız Kerry-dən soruşun” – yazır Robert Fisk.
Yeri gəlmişkən, bu məqalə “The İndependent”in son çap variantında çıxıb. Qəzet maliyyə çətinlikləri ilə bağlı innən belə yalnız internetdə olacaq.(BBC)
Qaynar.info