
Köhnə məhəllələrin sökülməsi xəbərləri birmənalı qarşılanmır
Bakı şəhərinin mərkəzindəki köhnə məhəllələrin ləğv ediləcəyi ilə bağlı mətbuatda yer alan xəbərlər həmin ərazilərdə yaşayan əhali arasında birmənalı qarşılanmır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə bildirib ki, yaxın vaxtlarda paytaxtın mərkəzindəki köhnə evlərin sökülməsi davam edəcək. Birinci mərhələdə Dram Teatrının binasının arxası və Hüseyn Cavidin heykəli arasında, ikinci mərhələdə Füzuli meydanı və "Nizami” metro stansiyası arasındakı evlər söküləcək. Növbəti iki mərhələdə isə "Sovetski” və "Kubinka” məhəllələri tarixə qovuşacaq.
Sakinlərin narahatçılığına səbəb Bakının tarixən və təbii şəkildə kompakt yaşayan köklü əhalisinin şəhərin mərkəzindən uzaqlara köçürülməsiylə bağlıdır. Onlar məhz bu məhəllələrdə yenidən tikiləcək binalarda yaşayış sahəsi ayrılmasını daha müvafiq hesab edirlər.
Bu məsələyə münasibətdə əməkdar memar, Böyük Bakının Regional İnkişaf Planının şəhərsalma üzrə məsləhətçisi Feyzulla Quliyev ANN.az portalına açıqlamasında deyib ki, sovet dövründə də Bakının Baş Planında köhnə məhəllələrin yenidən qurulası planlaşdırılmışdı: "Sözügedən ərazilərdə şəhər mühitinin yenidən qurulması nəzərdə tutulur və bu iş Böyük Bakının Regional İnkişaf Planına uyğundur. Lakin hazırda bu işin tezliklə və ya konkret hansı müddətdə reallaşdırılacağını heç kim söyləyə bilməz. Sovet dövründə bütün tikinti işlərinin sifarişçisi və icraçısı dövlət olduğu üçün görüləcək işin müddətini əvvəlcədən planlaşdırmaq mümkün idi. Bu gün isə dövlət həmin ərazilərdə yalnız infrastrukturun yenidən qurulması xərclərini öhdəsinə götürə bilər. Burada yeni yaşayış binalarını isə yalnız özəl sektorun iştirakı ilə həyata keçirmək olar ki, bu da genişmiqyaslı, uzun və mürəkkəb proses olduğu üçün çiddi yanaşma və zaman tələb edir".
Köhnə məhəllələrin yerində tikiləcək yeni yaşayış binalarında sakinlərin yerləşdirilməsi məsələsinə gəlincə, F.Quliyev vurğulayıb ki, bu, mümkündür və məqsədəmüvafiqdir. Onun fikrincə, məhz bu kimi məsələlər yenidənqurma zamanı dövlət və özəl sektor arasında razılaşdırılmalı, ortaq məxrəcə gəlinməlidir: "Məsələn, özəl şirkətlər yeni tikiləcək çoxmərtəbəli yaşayış binalarının bir hissəsini yerli əhali üçün ayıra bilər, tikinti işlərinin gedişi zamanı isə sakinlər dövlətin hesabına müvəqqəti ünvanlarda yerləşdirilə bilərlər".
Əməkdar memar xatırladıb ki, hələ 1960-cı illərdə Bakı şəhərinin rəhbəri olan Əliş Ləmbəranski tarixi və köhnə məhəllələrdə yaşayan əhalinin köçürülməsi probleminə münasibətdə "Bakılılar Bakıda qalmalıdır” ifadəsini işlədib. Eyni zamanda, mərhum Rauf Gülməmmədov Bakı şəhər rəhbərliyində çalışdığı 1989-1993-cü illərdə "Kubinka” məhəlləsinin özəl xüsusiyyətlərini nəzərə alıb və burada yenidənqurma işləri zamanı tikiləcək evlərdə yerli əhalinin ənənəvi ticarət məşğuliyyətinin də nəzərə alınmasını memarlara tövsiyə etmişdi. Həmin tövsiyəyə görə, həmin məhəllədə yenidən tikiləcək evlərin həyətyanı sahəsilə yanaşı, ticarət sahəsinin də yaradılması da təklif olunurdu.
Qaynar.info