Xəbər lenti

Bakının sağalmaz xəstəliyi: Parkinq problemi nə vaxt həll olunacaq?
Ekonomiks08:38 12.04.2023

Bakının sağalmaz xəstəliyi: Parkinq problemi nə vaxt həll olunacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu sahə vahid mərkəzdən idarə olunmayana, böyük şəhər bələdiyyəsi yaranmayına qədər parkinq problemi öz həllini tapmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakıda yolların hərəkət hissəsində avtomobillərin park edilməsi məsələsinin hələ də öz həllini tapmamasına münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, bu sahənin idarə edilməsində qarışıqlıq hökm sürür:
"Əvvəllər avtomobillərin park edilməsi məsələsi Bakı Şəhər İcra Hakimiyyətinə aid idi. Sonra ondan alınaraq Bakı Nəqliyyat Agentliyinə verildi. Sonra onlardan da alınaraq DİN-ə həvalə edildi. Bu da həmin sahədə ciddi qarmqarışıqlığın olmasından xəbər verir. Dünya təcrübəsində avtomobillərin park edilməsi ilə böyük şəhər bələdiyyələri məşğul olur. Hətta parkinq sahəsi şəhər bələdiyyələrinə ən çox gəlir gətirən sahələrdəndir. Azərbaycan isə idarəetmədən qaynaqlanan problemi yaşamaqda davam edir”. 
Ekspert qeyd edir ki, ölkəmizdə böyük şəhər bələdiyyəsi olmadığından, müxtəlif struktur və qurumların bu gəlirli sahəyə müdaxilə etmə imkanları da genişdir:
"Hər kəs də bu zaman məsələdə ümumi şəhər infrastrukturunun problemlərinin həllinə deyil, öz marağı çərçivəsində yanaşır. Qeyri-qanuni parkinq xidməti göstərənlərin yığdığı vəsaitin hara getdiyi, nə qədərinin dövlət büdcəsinə daxil olduğu barədə də məlumatlar yoxdur. Araşdırmaya görə, il ərzində parkinq xidmətində təxminən 100-150 milyon manata yaxın vəsait əldə edilir”. 
Qeyd edək ki, Bakıda yolların hərəkət hissəsində avtomobillərin park edilməsi məsələsi hələ də öz həllini tapmayaraq, nəqliyyatın, eləcə də piyadaların hərəkətinə ciddi problemlər yaratmaqda davam edir. Demək olar ki, paytaxtın istənilən küçəsində bu halla qarşılaşmaq mümkündür. 
Rüfət Sultan