"İndi hansısa vəzifəli şəxsi günahlandırmaqla iş düzəlməyəcək. İnfrastruktur elə bir vəziyyətdədir ki, kimi və hara istəyirsiniz təyin edin, problem həllini tapmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli aramsız yağan yağışlar nəticəsində Bakı küçələrində böyük gölməçələrin yaranmasından danışarkaən deyib.
Ekspert hesab edir ki, köklü problemlər həllini tapmasa, vəziyyət daha da acınacaqlı olacaq:
"Bakı şəhərinin sıxlığı aradan qalxmasa, regionlara köç təmin edilməsə, problem aradan qalxmayacaq. Bunun üçün yollar var. Universitetlər, dövlət idarələrinin işğaldan azad olunmuş bölgələrə köçürülməsi və s. kimi addımlar atmaq olar ki, Bakı şəhərinin yükü azalsın”.
Natiq Cəfərli vurğulayıb ki, Bakı bu yükü qaldıra bilmir:
"Kimi istəyirsinizsə təyin edin, həmin şəxs bu yükün altında əziləcək”.
Ekspert bildirib ki, Bakı və Abşeronda yağış faciəyə çevrilir, insanlar üçün böyük çətinliklər yaradır:
"Bakıda kanalizasiya xəttləri ilə yanaşı, yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlər də mövcud idi. Ötən əsrin sonu, XXI-ci əsrin əvvəlində Bakıda görməmişcəsinə tikinti işlərinə start veriləndə, yüksək mərtəbəli binaların təməlləri qazılanda, yağış suları üçün nəzərdə tutulan boru xəttləri maneçilik törədirdisə, onları kəsib adi kanalizasiya xətlərinə birləşdirirdilər. Görməmişcəsinə tikinti bumunun nəticəsi o oldu ki, cəmi 2 milyon əhali üçün nəzərdə tutulan kanalizasiya sistemi indi 4 milyon əhaliyə xidmət edir. Bu da həddən artıq yüklənmə ilə nəticələnir, boru xəttləri, onların diametri və buraxılış gücü bu qədər əhaliyə dözmür. Azca yağış yağanda Bakı göllər şəhərinə çevrilir".
Bahar Rüstəmli
Şərhlər