Xəbər lenti

“Bağlanan bankların xilası üçün 660 milyon tələb olunur...” – Təhlil
Ekonomiks10:34 07.05.2020

“Bağlanan bankların xilası üçün 660 milyon tələb olunur...” – Təhlil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu bankların xilası üçün ümumilikdə 660 milyon manat tələb olunur”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bağlanan "AGBank”, "NBCBank”, "AtaBank”, "AmrahBank”la  bağlı fikirlərini şərh edərkən deyib.
"Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, fəaliyyəti dayandırılan 4 bankın hamısının kapitalı mənfi imiş. Onun sözlərinə görə, "AGBank”ın kapitalı mənfi 145 milyon manat, "NBCBank”ın kapitalı mənfi 23 milyon manat, "AtaBank”ın kapitalı mənfi 214 milyon manat, "AmrahBank”ın kapitalı mənfi 77 milyon manatdır. Deməli, bu bankların xilası üçün ümumilikdə 660 milyon manat tələb olunur. İndi bankların açıqlamalarına gələk. 2019-cu ilin sonuna "Atabank” istisna olmaqla digər 3 bank kapitalları barədə məlumatları açıqlayıblar. Ötən ilin sonuna "NBCbank” 58,3 milyon manat, "AGBank” 48,9 milyon manat, "AmrahBank” 11,5 milyon manat məbləğində kapitala malik olub. Hətta "AGBank” 2020-ci ilin martın sonuna kapitalın həcmini 49,2 milyon manat göstərib. İndi məlum olur ki, cəmisi bir neçə aya bankların hamısında kapital mənfiyə düşüb”.
Mərkəzi Bank rəhbərinin dediyi kimi, banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladıqları məlumatlar niyə fərqli mənzərəni göstərir? Ekspertin sözlərinə görə, bankların açıqladıqları məlumatlar reallıqdan tamam uzaqdır: 
"Əgər belədirsə, deməli, onlar tənzimləyici quruma səhv məlumatlar veriblər. Əgər açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir və kapitalı mənfi olan banklar yenə mövcuddur. Digər məsələ tənzimləyici qurumun məsuliyyətsizliyidir. Bankların fəaliyyətinə nəzarəti 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Yalnız ötən ilin sonu nəzarət səlahiyyəti Mərkəzi Banka qaytarılıb. Belə olan halda niyə bu vaxta qədər 4 bankla bağlı zəruri addım görülməyib? Niyə imkan verilib ki, onların kapitalı nəinki 50 milyon manatlıq normativi pozsun, hətta mənfiyə düşsün. Bağlanan banklarda sığortalı əmanətlər qaytarılacaq. Bəs qorunmayan əmanətlərin taleyi necə olacaq? Sahibkarların alın təri ilə topladıqları və banklara etibar etdikləri vəsaitlərin taleyi necə olacaq? Sahibkarın, əmanətçinin nə günahı var ki, bu banklara düzgün nəzarət olunmayıb, bu azmış kimi, onları bankları düzgün seçməməkdə qınayır. Artıq Palata yoxdur, Mərkəzi Bank isə səlahiyyəti yenicə əldə edib. Bəs günahkar kimdir? Niyə vaxtında tədbir görülmədi? Axı tənzimləyici qurumun işi preventiv tədbirlər göstərməkdir, post-faktum addım atmaq deyil”.
Bahar