İdman 12:07 07.07.2022

“Bank Respublika” və “Sabah” Futbol Klubu yeni əməkdaşlıq müqaviləsi imzaladı (R)

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika” ASC ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah” Futbol Klubu arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb. Müqaviləni Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov və Klubun prezidenti Maqsud Adıgözəlov imzalayıb.

Müqaviləyə əsasən, "Sabah” Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda "Bank Respublika"ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi, Abşeron rayonunun Masazır qəsəbəsindəki stadion "Bank Respubika Arena” adlanmağa davam edəcək. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. Xatırladaq ki, "Bank Respublika" ilə "Sabah” arasında əməkdaşlıq 2018-ci ildən davam edir.

Bank Respublika olaraq, artıq 5-ci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edəcək "Sabah" Futbol Klubuna dəstək verməkdən böyük məmnuniyyət hissi duyuruq. Əminik ki, "Sabah" növbəti mövsümdə öz baxımlı oyunu ilə seçiləcək və qarşısına qoyduğu hədəflərə çata biləcək. Bu isə, milli futbolumuzun, eyni zamanda ölkə idmanımızın inkişafı deməkdir. Komandamızın oyunlarını keçirdiyi müasir standartlara malik "Bank Respublika Arena” isə nəinki yerli, həm də beynəlxalq futbol turnirlərinə ev sahibliyi edəcək”, deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

"Futbol klublarının inkişafında, onların qarşıya qoyduqları hədəflərə çatmasında sponsorların dəstəyinin böyük əhəmiyyəti vardır. "Sabah” Futbol Klubu artıq 4 ildir ki, "Bank Respublika” ilə əməkdaşlıq edir. Bu müddətdə birlikdə bir sıra layihələr həyata keçirmişik. Bu gün əməkdaşlıq müqaviləsinin müddətini daha bir il uzadırıq. Biz "Sabah” olaraq ölkənin qabaqcıl bankarından olan "Bank Respublika” ilə əməkdaşlıqdan tam məmnunuq. İnanıram ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı və uğurlu olmaqla yanaşı, "Sabah”ın timsalında ölkə futbolunun inkişafına öz töhfəsini verəcək", - deyə "Sabah” Futbol Klubunun Prezidenti Maqsud Adıgözəlov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.