Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 17 milyard 799,8 milyon manata çatıb. Bu ilin iyunun 1-nə olan məlumata görə, əmanətlərin 70,8 faizi milli valyutada, 29,2 faizi isə xarici valyutada yerləşdirilib.
Bu göstəricilər vətəndaşların banklara daha çox etibar etməyə başladığını və manata inamın artdığını deməyə əsas verirmi?
Bank məsələləri üzrə ekspert İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu göstəricilər bank sisteminə və milli valyutaya etimadın güclənməsinə dair müsbət siqnallar verir. Lakin elmi və statistik baxımdan 18,2 faizlik artımı yalnız "inam artdı" kimi qiymətləndirmək düzgün olmaz.
"Əmanət davranışı adətən bir neçə iqtisadi və psixoloji faktorun – gəlirlər, faiz dərəcələri, inflyasiya, məzənnə gözləntiləri, maliyyə savadlılığı, alternativ investisiya imkanları və bank sisteminin sabitliyinin nəticəsi kimi formalaşır. Vətəndaş xarici valyutada saxladığı vəsaiti manata çevirərək daha yüksək faiz gəliri əldə etməyə üstünlük verə bilər", deyə ekspert bildirib.
"Açıqlanan 18,2 faizlik artımı vətəndaşların banklara etibar etdiyinin göstəricisi hesab etmək olarmı?" sualını cavablandıran İsmayıl Məmmədov qeyd edib ki, vətəndaş öz vəsaitini bankda saxlayırsa, bu, bank sisteminin təhlükəsizliyi, likvidliyi və xidmət imkanlarına müəyyən etimadın olduğunu göstərir.
"Amma əmanət artımı banklara olan etimadın təkbaşına ölçüsü deyil, lakin etimadın mühüm komponentlərindən biridir", – deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, əhalinin banklarda saxladığı vəsaitlərin artımını izah etmək üçün ən azı beş əsas amil nəzərə alınmalıdır.
"Əhalinin nominal gəlirləri artır. İqtisadiyyatda gəlirlər yüksəldikcə əmanət üçün potensial resurs da artır. Depozit faizləri cəlbedici olur. İnsan bankda pul saxlayarkən yalnız təhlükəsizliyi düşünmür. O, özünə sual verir: 'Bu pulu bankda saxlasam, mənə nə qədər gəlir gətirəcək?' Məhz burada faiz siyasəti ön plana çıxır. Bank depoziti əhali üçün ən əlçatan maliyyə alətlərindən biri olaraq qalır. Bundan başqa, Dünya Bankının Azərbaycan üzrə maliyyə inklüzivliyi araşdırmaları da maliyyə sektorunun inkişafında etimadın, şəffaflığın, rəqabətin və maliyyə xidmətlərinə çıxışın əhəmiyyətini vurğulayır", deyə İsmayıl Məmmədov bildirib.
Ekspert fiziki şəxslərin əmanətlərini daha çox milli valyutada yerləşdirməsinin səbəblərinə də toxunub. O bildirib ki, əhalinin valyuta seçimi yalnız bank məhsulunun seçimi deyil, həm də gələcək məzənnə ilə bağlı gözləntilərin, risk qavrayışının və gəlirlilik hesablamalarının nəticəsidir.
"Bu göstəricinin arxasında ən azı dörd amil dayanır: məzənnə sabitliyi, manat depozitlərinin yüksək gəlirliliyi, gəlir və xərclərin manatla olması, eləcə də valyuta riskinin qiymətləndirilməsi. Burada inam və iqtisadi maraq birlikdə işləyir", deyə ekspert qeyd edib.
İsmayıl Məmmədovun sözlərinə görə, bank sektoruna ictimai etimadı qiymətləndirmək üçün yalnız əmanətlərin həcminə baxmaq kifayət deyil. Daha geniş göstəricilər də nəzərə alınmalıdır:
* bank hesablarının sayı;
* aktiv pərakəndə müştərilərin sayı;
* depozitçilərin sayı;
* rəqəmsal bankçılıqdan istifadə səviyyəsi;
* kart əməliyyatlarının həcmi;
* kredit portfelinin keyfiyyəti;
* problemli kreditlərin səviyyəsi;
* bankların kapital adekvatlığı;
* likvidlik göstəriciləri;
* əmanətlərin müddət strukturu;
* depozitlərin konsentrasiyası;
* maliyyə inklüzivliyi.
"Beynəlxalq Valyuta Fondunun (IMF) 2026-cı il üzrə Azərbaycan qiymətləndirməsində bankların kapitallaşmasının və gəlirliliyinin güclü olduğu, problemli kreditlərin səviyyəsinin təxminən 2,5 faiz ətrafında qaldığı, eyni zamanda depozit dollarlaşmasının və depozit konsentrasiyasının struktur çağırış olaraq qalmaqda davam etdiyi qeyd olunur", deyə ekspert əlavə edib.
İsmayıl Məmmədov hesab edir ki, ən maraqlı məqamlardan biri əhalinin maliyyə davranışlarında müşahidə olunan dəyişikliklərdir.
"Pulunu bankda saxlayan insan bank sisteminə etibar edir. Manatla depozit seçən insan milli valyutanın gələcəyinə dair müəyyən gözləntiyə malikdir. Uzunmüddətli depozit yerləşdirən insan sabitlik gözləyir. Daha yüksək faiz təklif edən banka üz tutan insan isə gəlirlilik axtarır. Ona görə də 17,8 milyard manatlıq əmanət portfelini yalnız 'banklarda çox pul var' kimi qiymətləndirmək düzgün deyil. Bu rəqəm əhalinin etimadının, gəlirlilik axtarışının, risk qavrayışının və iqtisadi gözləntilərinin bir növ maliyyə termometridir. Ən qiymətli aktiv etimaddır", deyə ekspert fikrini yekunlaşdırıb.
Günay İlqarqızı
Şərhlər